Teleqraf.com xəbər verir ki, İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova Bəylər qızının ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işində Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşfiq Abbasov tərəfindən şahid qismində dindirilən Zəminə Xıdır qızı Məhərrəmova mətbuata açıqlama verib. O, bildirib ki, məlum hadisənin müstəntiqi Müşfiq Abbasov ondan külli-miqdarda pul tələb edib. Bundan başqa, vətəndaşların çoxsaylı şikayətləri əsasında onun törətdiyi əməllər barəsində Azərbayacan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarədə cinayət işi açılıb.
Z.Məhərrəmovanın təfərrüatlı açıqlamasını təqdim edirik:
“Mən Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşfiq Abbasov tərəfindən aldadılmışam və 3.000 manatım mənimsənilib. Hamınıza məlumdur ki, 2015-ci ilin ən qalmaqallı məsələsi olan İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova Bəylər qızının İ.Quliyevaya qarşı hazırladığı sui-qəsdin hazırlanması barədə İlhamə xanımın şikayəti əsasında Bakı şəhər Prokurorluğunun əməkdaşı müstəntiq Müşfiq Abbasov tərəfindən araşdırılma aparılırdı. Həmin zaman mən də ora şahid qismində dəvət olunmuşdum. Ona görə ki, Mehriban Hüseynova İlhamə Quliyevanın adından saxta vəsiyyətnamə yazaraq, əmlakını ələ keçirmək istəyirdi. Həmin saxta sənədi mən Mehribanın əlindən alaraq, İlhamə xanıma təqdim etmişdim. Bildiyiniz kimi, həmin ərəfələr Vüqar Bəkirovu günahsız yerə şərləyib, həbs etdirdilər. Bu da kimlərinsə marağına xidmət edirdi. Onu da bilirik ki, Vüqar Bəkirov həbs olunan zaman ona məxsus olan “Samsung”, “Alcotel” və “Toshiba” markalı mobil telefon və kompyüterini mənə saxlamağa vermişdi ki, birdən istintaqa kömək məqsədiylə Mehriban Hüseynovanın səs yazıları lazım olarsa, təqdim edim və elə də oldu. Mən Vüqar Bəkirovun əşyalarını Müşfiq Abbasova təqdim etdim. Həmin zaman Müşfiq Abbasov məni hədələməyə başladı. Deyirdi ki, sən kim idin ki, Mehribandan vəsiyyətnaməni alıb, İlhaməyə verirdin?!
Mən ona bildirdim ki, “Müşfiq müəllim, siz nə danışırsınız....?! Mən, Vüqar və Orxan Nadirov (İlhamə Quliyevanın oğlu) İlhamə xanımı ölümdən qurtarmışıq. Hər şeyi bilə-bilə siz necə bu sözləri deyə bilərsiniz?”
M.Abbasov da cavab olaraq dedi ki, imkan verərdin öldürərdi, bundan sonra Mehribanı tutardıq.
M.Abbasov məni qorxuzduraraq, ilkin beş min manat, daha sonra dörd min manat tələb edirdi. Və nəhayət sonda üç min manatımı ala bildi. Həmin pulun bir qismini yaxın rəfiqəm Aygündən alaraq, iki min manatını isə özümə məxsus olan qızıl əşyalarımı lombarda qoyaraq, götürmüşəm və şəxsən Müşfiq Abbasova vermişəm. Aldandığmı bildikdən sonra dəfələrlə Müşfiqdən pulumu istəsəm də, o, buna əhəmiyyət vermədi. Hətta Vüqar Bəkirovun əşyalarını ona təqdim etdiyim protokolu da ondan ala bilmədim. Şükürlər olsun ki, Vüqar Bəkirov bugünkü gündə öz günahsızlığını sübuta yetirərək, azadlığa çıxdı və onunla birgə dəfələrlə Bakı şəhər Prokurorluğuna gedərək, Müşfiq Abbasovdan ona məxsus olan əşyaları geri istədik. Amma o, əşyaları geri qaytarmaqdan imtina edərək, boyun qaçırdı. Və bu proses 1 il ərzində davam etdi. Bizi süründürməçiliyə məruz qoyaraq, bu gün-sabah deyə-deyə müxtəlif bəhanələr gətirirdi. Hal-hazırda Bakı şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Müşfiq Abbasov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsində cinayət işi açılıb. Çoxsaylı şikayətlər əsasında onun törətdiyi əməllər sübuta yetirilir. Bu gün (09.08.2017) Nərimanov rayon müvəqqəti saxlama təcridxanasından çıxırdım və bu zaman Müşfiq Abbasovla üzləşməm oldu. Onun məndən aldığı üç min manat pulumu və Vüqar Bəkirova məxsus olan əşyaları geri qaytarmasını tələb etdim. Bu günə qədər ona görə lombarda faizlə pul verirəm. Hər ay ödədiyim həmin məbləğləri də ondan tələb edirəm. Onun orada etdiyi hərəkətləri görüb, dəhşətə gəldim. Belə ki, 15 il dövlət qulluğunda çalışan bir məmurun törətdiyi qanunsuzluq, yolverilməz hərəkətləri nəticədə Vüqar Bəkirova məxsus dəyəri 365 manat olan “Samsung” markalı telefonu mənimsəyərək, öz maraqları üçün istifadə edib. Onu da bildirmək istəyirəm ki, bu işlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı İdarəsinə dəvət olunan Müşfiq Abbasovla bağlı şikayət ərizəmi vermişəm. Məndən hədə-qorxu ilə aldığı üç min manat pulumun geri qaytarılmasını tələb etdim. Müşfiq Abbasov kimi dövlət məmuru olmaqdansa, məhbus olmaq daha yaxşıdır. Amma məncə, ona məhbus adı da vermək haramdır. Çünki o, məhbusun payını da yeyəcək. İndi bilsin ki, günahsız adamların başına oyun açıb, hədə-qorxuyla pul almaq nə deməkdir. Kimlərisə dələduzluluqda ittiham edib, həbs etdirməklə deyilmiş... Dələduzun böyüyü uzun illər dövlət məmuru olub”.
Xatırladaq ki, bu gün Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M.Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.