Bakıda gecə klubundan çıxan gəncə qarşı quldurluq etməkdə təqsirləndirilən Vahid Şirinov və Rəşad Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Vahid Şirinov 6 il, Rəşad Məhərrəmov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin mayın 17-də Nizami rayonunun Keşlə qəsəbəsində təqsirləndirilən şəxslər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib və 800 manatını alıblar.
İstintaq müəyyən edib ki, Vahid Şirinov və Rəşad Məhərrəmov birlikdə gecə klubunda istirahət edən zaman Vasif Namazovun ofisianta hesab verdiyini görüblər.
Vasif Namazov pulu cibindən çıxaranda Rəşad Məhərrəmov onda xeyli pul olduğunu müşahidə edib.
Rəşadla Vahid sonra həmin şəxsi qarət etməyi palanlaşdırıblar. Keşlədəki avtoyuma məntəqələrindən birində yuyucu işləyən Vahid Şirinov və Rəşad Vasifə yaxınlaşıblar. Gecə yarı küçədə Vasifin qarşısını kəsən quldurluq, onun pulunu alaraq qaçıblar.
Təqsirləndirilən Rəşad Məhərrəmov hadisəyə belə aydınlıq gətirib: “Klubdan çıxanda Vasifdən 20 manat istədim. İçkili idim, dedim, borca 20 manat ver. Onu tanıyırdım, “Avromed”də işləyir. Dedi ki, problem yoxdur, gedək dükana, verim. Marketə girdik. Siqaret aldı və çıxanda gördüm ki, pul vermək istəmir. Əlimi saldım cibinə, pulu götürdüm. Götürdüyüm pul məndə olub. Onun cibində cəmi 450 manat olub. Vahidə 5 manat verdim. Dedim ki, cibindən 10 manat çıxdı”.
Zərərçəkmişin pulunu götürən Rəşad yaşadığı Fizuli rayonuna qaçdığını, bir neçə gündən sonra həbs edildiyini deyib.
Digər təqsirləndirilən Vahid Şirinov törətdiyi əməli etiraf etməyib. O, quldurluq cinayəti törətmədiyini iddia edib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham olunub.