Dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Aygün Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti və vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib.
İttiham aktına əsasən, həmin cinayət işində onun İlham Baxşıyevlə əlbir olduğu qeyd edilir.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aygün Akimova 12 il, İlham Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmişlər apelyasiya şikayətləri veriblər.
Xatırladaq ki, AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen Aygün Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.
Növbəti məhkəmə iclası noyabrın 22-nə təyin edilib.