Azərbaycan Beynəlxalq Bankı ASC-nin Qaradağ filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynov, Aqilə Piriyeva və Azər İsmayılovun barəsində olan hökmdən apelyasiya şikayəti və prokurorluq tərəfindən apelyasiya protesti verilib.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Prokuror da apelyasiya protesti verərək, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edib.
Tərəflərin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Namiq Məmmədovun icraatına verilib.
İlkin baxış iclası noyabrın 27-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Polisin nəzarəti altında olan digər iki şəxsə isə 2000 manat məbləğində cərimə cəzası verilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Elnur Hüseynovun 11 il, Aqllə Piriyevanın 1 il və Azər İsmayılovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Elnur Hüseynov qulluq mövqeyindən istifadə edərək, 5 yanvar 2012-ci ildən 28 avqust 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankı ASC-nin Qaradağ filialının kredit şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən ayrı-ayrı şəxslərə müraciət edib. O, həmin şəxslərin işlədiyi bank filialından kredit rəsmiləşdirməsinə razı salıb, kredit üzrə əsas və faiz borclarının özünün ödəyəcəyini deyib, onlara yalandan vəd verib.
Elnur Hüseynov Səmra Məmmədovanın kredit qovluğundakı sənədlərdə sonuncunun imzasını oxşadıb icra etməklə 3 min manat, Qumru Hüseynova, Aydın Qaçayev, Elçin Qəhrəmanov, Mehdi Cavaninin hər birinin adına eyni qaydada 3 min manat kredit rəsmiləşdirib və özünə götürüb.
Eyni qaydada zərərçəkmiş Elduz Rzayevin adına 10 min manat, Qəzənfər İsgəndərovun adına isə 7 min manat kredit götürərək, dələduzluq edib.
Elnur Hüseynov və digərləri Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.