Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Aslan Ağayev ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxsin ona pul borcu var. Bu zaman Gündüz Hüseynov şahidin ifadəsinə arayış verib. Deyib ki, Aslan Ağayev ona silah çəkib: “Mənə çəkdiyin silahı burda da çək. Məni korrupsiya ilə hədələyirdin, onları danış. Bütün pulları əlimdən sən almısan. Zibilə məni sən salmısan”.
Şahid bildirib ki, Gündüz Hüseynovla onu Emin Poladov tanış edib: “Emin mənim iş yoldaşım olub. Bizi o, tanış etdi. Dedi, jurnalistlərə tikilən binada ev var. Məndən 15 min manat aldı. Sənədləşmə üçün ayrı pul verdim”.
Təqsirləndirilən şəxs bildirib ki, Aslan Ağayev ona nazir müavinin oğlu olduğunu deyib: “Məni onunla hədələyirdi, atası ilə də görüşmüşəm. Atası dedi ki, Kənd Təsərrüfatı nazirin müaviniyəm”.
Aslan Ağayev bildirib ki, nazir müavininin oğlu olsaydı mənzili olardı: “Nazir müavininin oğlu olsam, 15 mini niyə sənə verərdim? Gedib şəhərin mərkəzində öz qiymətinə ev alardım”.
Daha sonra məhkəmə istintaqı tamamlanması barədə qərar qəbul edilib və ittiham nitqi ilə çıxış etməsi üçün prokurora söz verilib.
Prokuror çıxışında Gündüz Hüseynovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Növbəti proses mayın 1- də davam edəcək.
İttihama görə, Gündüz Hüseynov öz içilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
“Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.