3 May 2018 15:15
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirli bilinən 1957-ci il təvəllüdlü Suliddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Suliddin Məmmədov Bakı şəhər sakini olan bir nəfəri aldadaraq 5 min manatını ələ keçirib.

O, həmin şəxsin oğlunu Sumqayıt şəhər İcra Hakimiyyətinə işə düzəldəcəyinə söz verib. Lakin vədinə əməl etməyib.
Suliddin Məmmədov Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham olunub.

Səbail rayon Məhkəməsinin hökmü ilə Suliddin Məmmədov 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 1500 manat miqdarında cərimə olunub.

Hökmdən narazı qalan Suliddin Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, 60 yaşı var, Qarabağ döyüşlərində yaralanıb, ikinci qrup əlildir. Ürək və təzyiq xəstəliyindən əziyyət çəkdiyini göstərən şikayətçi bildirib ki, himayəsində azyaşlı övladı var.

O, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim heyəti onun şikayətini təmin etməyib.

Bu qərardan narazı qalan Suliddin Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda Suliddin Məmmədovun kasasiya şikayətinin dəlilləri araşdırılıb.
Hakim heyəti sonda təqsirləndirilən şəxsin şikayətini qismən təmin edib.

Qərara görə, Suliddin Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi həmin məcəllənin 178.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsinə tövsüf edilib.

Suliddin Məmmədovun cəzası 1 il 3 ay 8 gün müddətinə endirilib, həmçinin 1500 manat miqdarında cərimə olunub.


Müəllif: Hacı Zeynalov