Hacıqabul rayonunda qısasçılıq zəminində qonşusunu öldürməyə cəhddə təqsirli bilinən 1960-cı il təvəllüdlü Mirağa Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Mirağa Ağayev 25 iyul 2017-ci il tarixdə, saat 12.30-da yaşadığı 1-ci Udulu kəndində içməli su xəttinin çəkilişi ilə əlaqədar küçədə aparılan qazıntı işləri zamanı həmkəndlisi və qonşusu Məsləhət Şükürovun əlindəki bellə qazılmış torpağı öz hasarı boyunca yığdığını görüb.
Mirağa Ağayev Məsləhət Şükürovun əvvəllər də belə hərəkəti nəticəsində yağış sularının onun nisbətən çökəkdə yerləşən evinin həyətinə axacağını, təsərrüfatına ziyan vuracağını fikirləşib. Bu səbəbdən o, Məsləhət Şükürova irad bildirib.
Məsləhət Şükürovla əvvəllər də bu zəmində aralarında dəfələrlə mübahisə olmasına baxmayaraq, ona əhəmiyyət verməyib, öz işinə davam edib. Bu səbəbdən əsəbiləşən Mirağa Ağayev qisas niyyəti ilə Məsləhət Şükürovu öldürmək qərarına gəlib. O, yaşadığı evə gedib, ov tüfəngini götürüb və geri qayıdıb.
Mirağa Ağayev bir dəfə həyətdə, daha bir dəfə küçədə həmin tüfəngdən havaya atəşlər açıb.
Məsləhət Şükürov onun bu hərəkətləri barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib.
Bundan hiddətlənən Mirağa Ağayev onu öldürmək niyyətini qətiləşdirib, həmin vaxt qonşusu Gülbəst Məmmədovanın Məsləhət Şükürovdan cəmi 30 santımetr məsafədə dayandığını görsə də, bunu nəzərə almadan əlindəki tüfəngdən Məsləhət Şükürova doğru atəş açıb.
Məsləhət Şükürov həmin zaman xəsarətlər alıb. Hadisə yerinə toplaşan qonşuların Məsləhət Şükürovu əhatəyə almaları səbəbindən Mirağa Ağayev növbəti atəşi aça bilməyib və hadisə yerindən qaçıb.
Qonşuları tərəfindən xəstəxanaya çatdırılan Məsləhət Şükürovun həyatı xilas olunub.
İstintaq orqanı Mirağa Ağayev barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirağa Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mirağa Ağayev apelyasiya şikayəti verib. O, qeyd edib ki, ona xüsusi amansızlıqla qətl törətməyə cəhd göstərməsi barədə verilən ittiham əsassızıdır. Onun qeydlərinə görə, əməli Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa az ağır zərər vurma) və 228.1-ci maddəsinə tövsüf edilməlidir.
Mirağa Ağayev eyni zamanda barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini və cəzasının şərti hesab edilməsini istəyib.
Mirağa Ağayevin şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib və hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və Mirağa Ağayevin cəzası 14 il 6 aya endirilib.