Alman vətəndaşı Vüsal Şilderi öldürməkdə təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbovun barəsində olan hökmdən verilmiş kasasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Elman İsgəndərov qohumu Seymur Talıbov, Xəyal Əlizadə və qeyriləri ilə qabaqcadan əlbir olaraq sonuncunun yaxın qohumuna münasibəti dəyişmək niyyəti ilə Vüsal Şilderə xəsarət yetirmək qərarına gəlib. Bu məqsədlə o, bir müddət Vüsal Şilderi güdüb.
2 may 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsində Vüsal Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. Aldığı xəsarətlər nəticəsində Vüsal Şilder dünyasını dəyişib.
İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayəti iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.
Elman İsgəndərov Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), Seymur Talıbov isə həmin məcəllənin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərova 15 il, Seymur Talıbov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Elman İsgəndərov cəzasının yüngülləşdirilməsini istəyib. Seymur Talıbov isə günahsız olduğunu əsas gətirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Həmçinin zərərçəkmiş tərəf də hökmdən narazı qalıb və onlarda təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya instansiyasına müraciət ediblər.
Bakı Apelyasiya Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Elman İsgəndərovun barəsində 15 il cəza təyin edilib, həmin cəzanın 5 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisində çəkməsi qərara alınıb.
Bu qərardan narazı qalan Elman İsgəndərovun vəkili kasasiya şikayəti verib. Müdafiəçi Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.
Müdafiəçinin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Elman İsgəndərovun müdafiəçisinin kasasiya şikayəti təmin edilməyib.
Almaniya vətəndaşı olan 23 yaşlı Vusal Şilder Adolf əslən azərbaycanlıdır.
Belə ki, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadın Vüsal Şilder Adolfu 20 il əvvəl Bakıda övladlığa götürüblər. O, Qərb Universitetinin ikinci kurs tələbəsi olub.
Vüsal Şilderi övladlığa götürən Adolf Şilder “Mercedes Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəridir.