Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində verilən kasasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baş tutan prosesdə Mirəziz Əsgərovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan iş adamı Vidadi Əzizin kasasiya şikayəti araşdırılıb.
Zərərçəkmiş iş adamı kasasiya şikayətində mülki iddiasının təmin olunmasını, Mirəziz Əzgərovun cəzasının ağırlaşdırılmasını istəyib.
İşə baxılan zaman Vidadi Əziz kasasiya şikayətinin geri götürməsi barədə hakimlərə ərizə təqdim edib. O, ərizəsində kasasiya şikayətinin geri götürülməsi barədə ərizəsinin təmin edilməsini xahiş edib.
Hakim heyəti Vidadi Əzizin ərizəsinin təmin edilməsi barədə qərar qəbul edib. Qərara görə, Vidadi Əzizin kasasiya şikayətinə baxılması dayandırılıb və iş baxışdan çıxarılıb.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Mirəziz Əsgərovun 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 ilə endirilib.
Zərərçəkmiş Vidadi Əzizovun apelyasiya şikayəti təmin edilməyib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mirəziz Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 1 il 6 ay rəhbər vəzifə tuta bilməz. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib.
Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və evindən götürülmüş pul Mirəziz Əsgərovun özünə qaytarılması barədə qərar qəbul edilib.
Mirəziz Əsgərovun özü də məhkəmə hökmündən apelyasiya şikayəti verib. O, günahsız olduğunu, Vidadi Əziz tərəfindən şərlənməsi nəticəsində həbs edildiyini qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin hökmündən apelyasiya şikayəti verən zərərçəkmiş iş adamı Vidadi Əziz təqsirləndirilən Mirəziz Əsgərovun cəzasının ağırlaşdırılmasını istəyib.
İş adamı Mirəziz Əsgərova qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat mülki iddiasının təmin olunmasını tələb edib.
Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Mirəziz Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququnu itirməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Dövlət ittihamçısı Vüqar Quliyev söyləmişdi ki, zərərçəkmiş Vidadi Əziz Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat və Mirəziz Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırıb: “Zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Qeyd edib ki, vəzifəli şəxs ona qarşı cinayət törədibsə, dövlət məsuliyyət daşıyır. Vidadi Əzizə qarşı 2012-ci ildə cinayət törədilib və bu müddət ərzində müvafiq qurumlara müraciət etməyib. Yalnız 2015-ci ildə rəsmi müraciət edib.
Vətəndaşın şikayəti ilə bağlı ciddi tədbir görülüb. Buna görə də onun dövlətə qarşı mülki iddiası tam rədd edilməli, Mirəziz Əsgərova qarşı iddiası isə baxılmamış saxlanılmalıdır”.
Prokuror əlavə edib ki, Mirəziz Əsgərovun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı tədbirin görülməsi məhkəmənin mülahizəsinə buraxılsın.
İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Mirəziz Əsgərov Vidadi Əzizin sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.