Daxili İşlər Nazirliyi bir neçə oğurluq hadisəsinin üstünün açılması barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, iyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı polis bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib.
Bundan başqa, vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının iyulun 20-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Taleh Rəsulov olduğu müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da H.Quliyevə məxsus “VAZ-2109” markalı avtomobildən maqnitofon, səsgücləndirici və akkumulyator oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aydın Azadov saxlanılıb.
Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Səlimliyə məxsus “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb.
20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F.Qədimovun “VAZ-2106” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb.
Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan rayon polis şöbəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Beyləqan rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən 12 ədəd elektrik mühərriki və 1 ədəd reduktor oğurlamaqda şübhəli bilinən 1-ci Şahsevən kənd sakinləri Anar Şıxəli və əvvəllər məhkum olunmuş Eynur Hüseynov saxlanılıblar.
Eynur Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayında 1-ci Şahsevən kəndi ərazisindəki digər şirkətə məxsus təmir-tikinti alətlərini və inşaat materiallarını, habelə mayın 15-də daha bir nəfərlə birgə Xətai rayonu ərazisindəki avtosalonların birindən 8500 manat oğurlamaları da müəyyən edilib.
Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da “Niva” markalı avtomobildən 1000 manat, planşet və mobil telefon adapteri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəcəf Hüseynov və Tovuz rayon sakini Qasım Novruzov saxlanılıblar.
Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də rayon ərazisində bir avtomobildən 380 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zahid Qurbanov saxlanılıb.
Bütün faktlarla bağlı cinayət işləri başlanıb.