Bakıda 1 nəfərin ölümü, 10 nəfərin isə yaralanmasına səbəb olan sürücü barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf.com xəbər verir ki, İyulun 12-də Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, 10 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, iyulun 12-də saat 8 radələrində Əliyev Rövşən İsa oğlu “Mersedes Benz” markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi “Deltabus” markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurub. Nəticədə avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölmüş, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.