Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, paytaxtda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Rauf Qəribov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Şamil Fətiyev saxlanılıb.
Qeyd edək ki, Rauf Qəribov Füzuli rayonundan məcburi köçkündür və Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananda yaşayıb.
Məlumata görə, Rauf Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun avqustun 14-də, gecə saatlarında rayon ərazisində olan parklardan birində naməlum şəxslə mübahisəsi düşüb.
Həmin şəxs Firudin Qəribovu döyüb, həmçinin ayaq və üz nahiyəsinə bıçaq xəsarətləri yetirib.
Firudin Qəribov hadisə yerindən qardaşı Rauf Qəribova zəng vuraraq onu köməyə çağırıb.
Taksi fəaliyyəti ilə məşğul olan Rauf Qəribov hadisə yerinə gələndə həmin şəxslər onu ürək nahiyəsindən bıçaqlayıb. O, "AzərSuTikinti" Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Firudin Qəribov isə əvvəlcə 3 saylı Şəhər Kliniki Xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.