Bakıda dələduzluqda təqsirli bilinən Samir Abbasovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Samir Abbasovun apelyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Samir Abbasov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
İttihama görə, Samir Abbasov Azər Cəlilovu siqaret alveri etmək adı ilə aldadıb və onun 112 min manatını ələ keçirib.
Daha sonra o, Xalidə Quliyeva və Ayrən Quliyevanı da eyni üsulla aldadıb.
Məlum olub ki, Samir Abbasovun zərərçəkmiş Ayrən Quliyeva ilə bir məktəbdə təhsil alıb, münasibətləri də oradan yaranıb.
Məhkəmədə məlum olub ki, Samir Abbasov zərərçəkmiş Ayrən Quliyeva ilə ailə həyatı quracaqmış.
Samir Abbasov boşandıqdan sonra Ayrən Quliyeva ilə evlənəcəyinə dair vəd verib.
Hətta bu məqsədlə Ayrən Quliyevanın anası ilə də tanış olub.
Cinayət işi üzrə ifadə verən Samir Abbasov zərərçəkmişlərdən Xalidə Quliyeva və Ayrən Quliyevadan aldığı pulları təsdiqləyib.
Amma Azər Cəlilovdan qeyd edilən qədər məbləğdə pul almadığını deyib.
Samir Abbasov bildirib ki, Ayrən Quliyevadan iş qurmaq adı ilə pul alarkən onu aldatmayıb: “Pulları onunla ailə həyatı qurmaq şərti ilə almamışam. Mənim ailəmdə olan hər kəs Ayrənlə olan münasibətimi, hətta anası da bilirdi. Aytənin iş üçün mənə verdiyi pulu anası da bilirdi. Ayrənin maşını əziləndə 15 600 manata satdıq. 5600 manatı mən götürdüm. Özünə dedim ki, lazımdır. Sonra Ayrənə lizinqlə başqa maşın aldıq. Hazırda ona borcum yoxdur”.
Zərərçəkmiş Ayrən Quliyeva ifadəsində bildirib ki, tibb bacısı işləyir. O, bir dəfə ailə həyatı qurduğunu, sonra isə boşandığını söyləyib.
Qeyd edib ki, Samir Abbasovla olan münasibətləri ciddi olub və dini kəbinləri da varmış.
İstintaq orqanı tərəfindən Samir Abbasovun barəsində Cinayət Məcələsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.