Dələduzluqda və narkotik vasitə saxlamaqda ittiham olunan Yusif Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Yusif Bayramov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Yusif Bayramov Sevdimalı Novruzova oğlunu işə düzəldəcəyi vədi verib və ondan xeyli miqdarda pul alaraq ələ keçirib.
Məlum olub ki, Yusif Bayramov Sevdimalı Novruzova özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçisi kimi təqdim edib.
Bundan başqa, Yusif Bayramov Şəki rayonuna gedərkən onu yol polisi saxlayıb. Maşının üzərində həbs olduğu üçün polis əməkdaşı avtomobilin cərimə meydançasına aparılmasını tələb edib.
Tərəflər arasındakı danışıqdan sonra maşın cərimə meydançasına aparılmayıb.
Yusif Bayramov və polis əməkdaşı Şəkidə otellərdən birinin həyətində görüşməyi planlaşdırıblar.
Yusif Bayramov bildirib ki, polis əməkdaşına 30 manat rüşvət verərkən telefon vasitəsi ilə çəkib.
Daha sonra o, həmin görüntülərlə polisi şantaj edərək, bu dəfə özü ondan pul tələb edib. Polis əməkdaşı da bununla razılaşıb.
Növbəti görüşdə Yusif Bayramov polisdən pul alarkən həbs edilib.
Həbs olunan zaman Yusif Bayramovdan narkotik vasitə də aşkar olunub.
İstintaq orqanı tərəfindən Yusif Bayramovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 234-cü (narkotik vasitə əldə etmə) maddələri ilə ittiham elan edilib.