Tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə zərərçəkmiş Leyla Əhmədovanın vəkili vəsatət qaldırıb. O, Nizami Ağayev və Azər Lütfəliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi və onların məhkəmə zalında həbs edilməsini istəyib.
Təqsirləndirilən Nizami Ağayevin vəkili isə vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini tələb edib.
Vəsatətlərə münasibət bildirən Leyla Əhmədova ağlayıb. O, Nizami Ağayevin Ceyhun Eyvazovu onun üstünə göndərdiyini deyib.
Çıxış zamanı Leyla Əhmədovanın ürəyi gedib. Ona yardım göstərilib, zərərçəkmiş özünə gəlib.
Daha sonra qərar qəbul edən hakimlər vəsatətləri təmin etməyib.
Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin edilib.
Qeyd edək ki, iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.
Leyla Əhmədova hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürüb.
Onun sözlərinə görə, bir zirzəmi və 3 mərtəbədən ibarət olan obyekti ilkin razılıqla aylıq 24 min manata icarəyə götürüb. Obyekt sahibləri ilə Leyla Əhmədova arasında əldə olunan razılaşmaya əsasən, icarədar obyektdə təmir işləri aparmağı və xərclədiyi vəsaiti hissə-hissə aylıq icarə pulundan çıxılmalı imiş.
Leyla Əhmədovanın sözlərinə görə, təmirə başlayandan bir müddət sonra Nizami Ağayev ona maneçiliklər törətməyə başlayıb.
Ümumilikdə Leyla Əhmədovaya 1 milyon 100 min manat ziyan dəyib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə cinayət işi başlanıb.