7 Dekabr 2018 14:49
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadına qarşı quldurluq etməkdə təqsirli bilinən Azər Adıgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Azər Adıgözəlov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il avqustun 30-da paytaxtın Nizami rayonunda Mənzurə Kərimovaya qarşı quldurluq edilib.

Bu barədə zərərçəkən Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə məlumat verib.

Belə ki, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib.

Məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Adıgözəlov saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırma zamanı onu qadına sellofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirdiyi məlum olub.

Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib.

İstintaq orqanı tərəfindən Azər Adıgözəlovun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər