Bakıda yaşayış evinə silahlı basqın etməkdə təqsirli bilinən Bəkir Rüstəmbəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bəkir Rüstəmbəyovun barəsində Yasamal rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılıb və iş material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib. Yaxın günlərdə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Qeyd edək ki, Bakı şəhər sakini Bəkir Rüstəmbəyov tanışı Çingiz Qaçayın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.
Bu məqsədlə o özü ilə gətirdiyi çəkiclə Çingiz Qaçayın və evdə xadimə işləyən Mətanət Hüseynovanın təpə nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin salamlığına təhlükə yaradıb.
İstintaq orqanı tərəfindən Bəkir Rüstəmbəyovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.