Bakıda dələduzluq və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Könül Şahverdiyeva və Venera Cavadovanın barəsində hökmdən apelyasiya şikayəti verilib.
Bu barədə Teleqraf.com-a Könül Şahverdiyevanın anası Səlbinaz Mehdiyeva məlumat verib.
O deyib ki, qızı günahsızdır və şikayətdə ona bəraət verilməsini istəyir.
Səlbiniz Mehdiyeva iddia edir ki, qızı Könül Şahverdiyeva 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkim müavini Adil Salahova heç bir hədə-qorxu gəlməyib.
Onun sözlərinə görə, ortada borc məsələsi olub:
"Adil Salahovun qızı Aygün Bayramova Könüllə rəfiqə olub. O, Könüldən 60 min manata yaxın borc alıb, amma qaytarmayıb. Könül isə bu pulu dostundan almışdı və həmin şəxsə qaytarmalı idi. Buna baxmayaraq, Aygün pulu vermirdi. Belədəqızım Aygünün atası, həkim Adil Salahovun yanına getdi və bu pulun qaytarılmasını istədi. Adil də hissə-hissə pulu qaytardı.
Sonradan həkim verilən pulu yenidən almaq üçün polisə şikayət etdi ki, guya qızım onlara hədə-qorxu gəlib. Halbuki burda heç bir cinayətdən söhbət gedə bilməz. Könül yalnız borcunun qaytarılmasını istəyib".
Səlbinza Mehdiyeva deyib ki, birinci instansiya məhkəməsinin çıxardığı hökmdən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində aprelin 17-də baxılacaq.
İş hakim Kamran Əkbərovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Könül Şahverdiyeva 7 il, Venera Cavadova isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Venera Cavadova zərərçəkmiş Aysel Bayramovanın evində uşağının dayəsi işləyib.
Veneranın rəfiqəsi Könüllə başqa şəxslərə külli miqdarda borcları olub.
Daha sonra Venera Cavadova rəfiqəsi Könülün falçılıqla məşğul olduğunu deyib, Aysel Bayramovanın uşağının problemini həll edəcəyini vəd edib.
Buna görə ondan və digər şəxslərdən ayrı-ayrılıqda 60 min manatdan çox pul alıb.
Qeyd edək ki, zərərçəkmiş Aysel Bayramova 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkim müavini Adil Salahovun qızıdır.