Abşeron rayonunda quldurluq etməkdə təqsirləndirilən 22 yaşlı Həsən Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hğökm oxunub.
Həsən Bayramov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 22 yaşlı Həsən Bayramov bu ilin yanvarında üzünə maska taxıb və bıçaqla silahlanaraq evlərə basqın edib.
Onun basqın etdiyi evlərdən 3-ü qadınlara məxsus olub.
O, ümumilikdə əvvəlcədən seçdiyi 4 mənzilə basqın edib.
Həmin mənzillərin hamısı Hökməli qəsəbəsində yerləşib.
Araşdırma zamanı məlum olub ki, Həsən Bayramov özü də Hökməli qəsəbəsində yaşayıb.
Başına maska taxaraq mənzillərə daxil olan Həsən Bayramov bıçaq və digər soyuq silahla vətəndaşlardan pul, qızıl tələb edib.
Təqsirləndirilən şəxs oğurluq məqsədi ilə, öz kəndində, bir müddət öncə girdiyi evə yenidən soxulmağa cəhd edib.
Həsən Bayramov bütün bunları qəbul etdiyi içki və narkotik madənin təsiri nəticəsində törətdiyini bildirib.
İstintaq orqanı tərəfindən Həsən Bayramovun barəsində Cinayət Məcəlləsinin 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham elan edilib.