18 İyul 2019 18:31
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edib.

Müşavirədə xüsusi qeyd olunub ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq müraciətlərin obyektiv və vaxtında araşdırılması, müəyyən olunmuş cədvəl əsasında Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri döğuran səbəb və halların aradan qaldırılmasına, qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq artırılıb.

Hesabat dövründə şəhər prokurorluğu orqanlarına 8030 müraciət daxil olub, onlardan 2586-ı həll edilib, o cümlədən 877 müraciət təmin edilmişdir. 2019-cu ilin birinci yarımili ərzində 3997 vətəndaş qəbul edilib.

Göstərilənlərlə yanaşı, müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında prokurorluq orqanlarına verilmiş tövsiyələrin yerinə yetirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi vurğulanıb.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar diqqətə çatdırılmış, bağlı qalmış qəsdən adam öldürmə, quldurluq, oğurluq və yol nəqliyyat hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanmışdır. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik hallarının gələcəkdə təkrarlanmaması məqsədi ilə ətraflı müzakirə edilərək nöqsanların aradan qaldırılması istiqamətində konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavini Azər Əsgərov və rayon prokurorları hesabat dövründə prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.

Yekunda şəhər prokuroru İlqar Abbasov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər