25 Oktyabr 14:52
1 520

Xaçmaz rayonunda toy məclisində dava salmaqda ittiham olunan 1982-ci il təvəllüdlü Yaşar Hüseynov və onun 1985-ci il təvəllüdlü qardaşı Cəmil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 21 avqust 2018-ci il tarixdə, saat 19 radələrində Xaçmaz şəhərindəki “Ariz” şadlıq sarayında keçirilən toy şənliyində təqsirləndirilən şəxslərin əmiləri Bəkirzadə Hüseynov ilə Elvin Abdurəhmanovun arasında mübahisə olub. Mübahisə zamanı Elvin Bəkirzadə Hüseynovun ünvanına nalayiq ifadələr işlədib.

Cəmil Hüseynov araya girib və əmisini söyən Elvin Abdurəhmanovla mübahisə etməyə başlayıb. Cəmil Elvin Abdurəhmanovun göz nahiyəsinə yumruqla zərbə vurub.

Onların mübahisəsini kənardan Cəmil Hüseynovun böyük qardaşı Yaşar Hüseynov görüb. O, Elvin Abdurəhmanovu söhbət etmək bəhanəsi ilə şadlıq sarayının sağ kənarına aparıb. Orada Yaşar Hüseynov Elvin Abdurəhmanovu döyərək, ona bədən xəsarəti yetirib.

Yaşar Hüseynov barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə), Cəmil Hüseynov isə barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Elvin Abdurəhmanov bildirib ki, avqustun 21-də Teymurxan adlı şəxsin oğlunun toy məclisinə gəlib: “Orada həmkəndlilərimlə bir qədər spirtli içki qəbul etdik. Toy məclisində bacımla oynamaq üçün musiqiçilərə mahnı sifariş verdim. Musiqiçilərə nəzarət edən bacımın qayınatası Bəkirzadə Hüseynov sifarişimə imkan vermədi, mənim əyləşməyimi istədi”.

Zərərçəkmişin sözlərinə görə, o da rəqs etməyərək yerində əyləşib: “Bir qədər sonra Bəkirzadə Hüseynov bacımı rəqsə dəvət etdi. Mən də bacıma yaxınlaşaraq Bəkirzadə ilə oynamağa icazə vermədim. Bəkirzadə üstümə gələrək şadlıq sarayından məni çıxarmağa çalışdı. Müdafiə məqsədi ilə onu itələdim, o da yerə yıxıldı.

Bəkirzadənin qardaşı oğlu Cəmil mənə yaxınlaşdı, kimin oğlu olduğumu soruşdu. Atamın adını dedim. Qəflətən sifət nahiyəmə kəllə ilə zərbə vurdu. Bu zaman şadlıq sarayından çölə çıxıb getmək istədim.

Mənimlə qohumluq əlaqələri olan, lakin əvvəllər ünsiyyət saxlmadığım Cəmilin qardaşı Yaşar Hüseynov mənə yanaşdı. Mənimlə söhbət etmək istədiyini və qohum olduğumuz üçün anlaşılmazlıq baş verdiyini dedi. Sonra məni şadlıq sarayının bayır hissəsinə apardı”.

Elvin Abdurəhmanov bildirib ki, həmin vaxt orada bir neçə kənar şəxs də olub: “Həyəcanlı olduğumdan və xəsarət aldığımdan onların kimliyini xatırlamıram. Yaşar Hüseynovla bayıra çıxdıqda o, gözlənilmədən sifətimə iki yumruq vurdu. Sonra məni yerə yıxdı, özümdən getdim. Sonra müayinə olunmağım üçün dayım Məhəmməd məni Xaçmaz rayon Mərkəzi Xəstəxanasına apardı”.

Xaçmaz rayon Məhkəməsinin hökmü ilə Yaşar Hüseynov 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Digər təqsirləndirilən Cəmil Hüseynov isə 1300 manat cərimə olunub.

Hökmdən narazı qalan hər iki qardaş apelyasiya şikayəti veriblər. Onlar bildiriblər ki, həm ibtidai, həm də məhkəmə istintaqı zamanı törətmiş olduqları cinayət əməlləri sübuta yetirilməyib. Hüseynov qardaşları barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Onların şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fərmayıl Zeynallının sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Hakim heyəti Xaçmaz rayon Məhkəməsinin hökmünün dəyişdirib. Yaşar Hüseynovun ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi həmin məcəllənin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif olunub.

Yaşar Hüseynovun zərərçəkmiş şəxslə barışdığını nəzərə alan hakim heyəti onun barəsində olan cinayət işinə xitam verib.

Cəmil Hüseynovun isə cərimə olunduğu 1300 manatdan 300 manat çıxılıb.


Müəllif: Hacı Zeynalov