7 Noyabr 2019 13:45
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə təqsirli bilinən Həmid Babaverdiyev, Rüfət Bünyadzadə, Cahandar Cavadlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin olunub.

İttihama görə, bu il avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həmid Babaverdiyev, Cahandar Cavadlı və Rüfət Bünyatzadə saxlanılıblar.

Məlum olub ki, mütəşəkkil dəstənin üzvləri hadisə zamanı Fərid Məmmədzadənin dostu Ravin Rəhimliyə də xəsarət yetiriblər.

Hadisənin baş verməməsinə səbəb isə yol verməmək üstündə yaranan mübahisə zəminində baş verib.

Həmid Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü Fərid Məmmədzadə ona yol verməsini istəyib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə sonda kütləvi dava ilə nəticələnib.

Dava sonda qanlı cinayətlə yekunlaşıb.

Qeyd edək ki, qətlə yetirilən Fərid Məmmədzadə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov