“Dağlar” Mənzil-Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ayrı-ayrı vətəndaşların 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, araşdırmalar zamanı MTK-nın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən və vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaları müəyyən edilib. Onların dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talamaları üzə çıxıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov