Gəncə şəhərində dostunu qətlə yetirən 1998-ci il təvəllüdlü Nurlan Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Gəncə şəhərindəki “Ləbləbi” çay evində Nurlan Rzayev tanışı Mehman Əliyev və daha bir neçə nəfərlə əyləşib.
Nurlan Rzayev tanışları ilə söhbətləşən zaman özünü dost-tanış içərisində hörmətli şəxs kimi qələmə verib. Bu zaman içkili vəziyyətdə olan Mehman Əliyev Nurlan Rzayevə “başından böyük danışma”, - deyə bildirib. Onların arasında mübahisə yaranıb.
Onlarla birlikdə olan tanışlar mübahisənin böyüməsinin qarşısını alıblar. Sonra çay evindən çıxıb evlərinə gediblər.
Yolda “Sirius” marketin qarşısında Mehman Əliyev yolun kənarından keçib avtomobilə əyləşən tanımadığı qadına söz atıb, sataşıb. Nurlan Rzayev isə ona etdiyi hərəkətin əxlaqi cəhətdən düz olmadığını bildirib və irad tutub.
Tanışların arasında yenidən mübahisə düşüb. Mübahisə zamanı Mehman Əliyev tanımadığı qadına görə ona irad tutulmasını həmin “əxlaqsız” qadınla eyni səviyyədə olmaq kimi dəyərləndirib və bu məzmunda təhqiredici sözlər işlədib.
Onun bu sözləri artıq başlanmış mübahisənin daha da alovlanmasına səbəb olub, deyişmə əlbəyaxa davaya çevrilib. Dava zamanı Mehman Əliyev Nurlan Rzayevin üzərinə hücum çəkib, yumruqla sifət nahiyəsindən vurub.
Bundan hiddətlənən Nurlan Rzayev qisas almaq üçün onu öldürmək qərarına gəlib. Üzərində olan bıçaqla Mehman Əliyevin ürək və digər nahiyələrinə xəsarətlər yetirib. Mehman Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb.
İstintaq orqanı tərəfindən Nurlan Rzayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Rzayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Hökmdən narazı qalan zərərçəkmiş Mehman Əliyevin hüquqi varisi apelyasiya şikayəti verib, cəzanın ağırlaşdırılmasını istəyib. Həmçinin prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror da təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını tələb edib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi şikayət təmin olunmayıb.
Bu qərardan narazı qalan zərərçəkmiş tərəf kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda kasasiya şikayətinin təmin edilməməsi barədə qərar elan edilib.