Ağsu rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1985-ci il təvəllüdlü Tural Bəşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Tural Bəşirov 5 oktyabr 2018-ci il tarixdə, saat 13 radələrində Ağsunun Nüydü kənd sakini olan tanışı Bəhlul Cəlilovla mübahisə edib. Onların mübahisəsi sonuncuya məxsus mobil telefonun itməsindən sonra olub.
“Qarabağ” istirahət mərkəzinin qarşısında mübahisə zamanı Bəhlul Cəlilov Tural Bəşirfovu taxta parçası ilə vuraraq sağlamlığa zərər vurmaya aid dərəcəsi təyin edilməyən xəsarət yetirib.
Tural Bəşirov qisas almaq məqsədilə Bəhlul Cəlilovu öldürmək qərarına gəlib. Həmin gün saat 20-30 radələrində sərxoş vəziyyətdə “Qarabağ” istirahət mərkəzinə gələn Tural Bəşirov gizlincə mətbəxin çöl qapısından içəri daxil olub, orada masanın üzərindən baltanı götürüb, sonra zala daxil olub.
Tural Bəşirov zalda Anar Şıxıyev ilə birlikdə bir masa arxasında əyləşmiş Bəhlul Cəlilova arxadan yaxınlaşaraq onun baş və boyun nahiyəsi istiqamətində yuxarıdan aşağıya doğru qəflətən balta ilə güclü zərbə endirib.
Həmin vaxt Bəhlul Cəlilov tanışı Anar Şıxıyevlə birlikdə cəld hərəkət edərək Tural Bəşirovdan baltanı alıb, onun növbəti zərbələri endirməyinə imkan verməyiblər.
Bəhlul Cəlilov vaxtında xəstəxanaya çatdırılaraq zəruri tibbi yardım göstərilməklə həyatının xilas edilib.
İstintaq orqanı tərəfindən Tural Bəşirovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Bəşirov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Hökmdən narazı qalan Tural Bəşirov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini istəyib.
Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə onun apelyasiya şikayəti təmin edilməyib. Qərardan narazı qalan Tural Bəşirov kasasiya şikayəti verib. Ali Məhkəmə də şikayəti təmin etməyib.