“Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilmiş mənzilləri qanunsuz olaraq satmaqda ittiham olunan Məzahir Nəsibovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Faiq Qəniyevin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, Bakı şəhər sakini Məzahir Nəsibovun “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən hündür mərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bil-bilə yalan məlumatlar daxil edib 111 nəfər kənar şəxslərə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Bu cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunub, Məzahir Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdi.
Bu ilin mayında Ukrayna Respublikasının hüquq-mühafizə orqanları ilə qurulmuş sıx əməkdaşlıq əlaqələri nəticəsində Məzahir Nəsibov Ukraynada tutulub. O, mayın 11-də ölkəmizə ekstradisiya olunub.
İstintaq orqanı tərəfindən Məzahir Nəsibovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.