Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Gəncənin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Arzu Kərimov şəhər ərazisində saxlanılıb.
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, həmin tüfəngə məxsus 3 ədəd patron və 1 ədəd kağız bükümdə ümumi çəkisi 1.64 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, A.Kərimovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib.
Baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsindən, sellofan torbadan aşkar edilən odlu silahın qundaq və lüləyi, fərdi yaşayış evinin yataq otağından isə parça torbada ümumi çəkisi 406 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.