12 Aprel 2021 14:51
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 1995-ci il təvəllüdlü Elnarə həyat yoldaşı Talehə bıçaqla xəsarət yetirib.

Teleqraf.com-un xəbərinə görə, Taleh yaşadığı evdə arvadı Elnarənin başqa kişilərlə münasibət saxlamaqda ittiham edib və bu səbəbdən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Elnarə birgə nikahlarından doğulmuş övladı, 2016-cı il təvəllüdlü İlkinin gözləri qarşısında Talehin sinəsinə bir zərbə vurub.

İstintaq orqanı tərəfindən Elnarənin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən qadın elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Talehlə 2015-ci ildə ailə həyatı qurub: “Birgə nikahdan 2016-ci ildə İlkin adlı oğlumuz dünyaya gəlib. Hadisəyə kimi son 8-9 ay ərzində həyat yoldaşımla münasibətlərimiz korlandı. Bir-birimizi qısqanclıq zəminində günahlandırdıq.

Talehin anası Zöhrə mənim guya kiminləsə eşq macərası yaşadığımı deməklə daim oğlunu qızışdırıb. Qaynanamla qaynatam qonşu evdə yaşayıblar. 12-ci polis şöbəsində bizim münaqişə ilə bağlı müraciəti olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü saat 11 radələrində yaşadığı evdə olarkən Taleh ondan 3 gün əvvəl harada olduğunu soruşub: “Taleh mənim guya hansısa oğlanla görüşdüyümü dedi. Bundan sonra hirsləndim. Aramızda mübahisə yarandı. Taleh mənim üzərimə gəldi, əli ilə başımdan və bədənimin başqa nahiyələrindən vurdu. Məni təhqir etdi, ailə üzvlərimi söydü. Aramızda münaqişə 3-4 dəqiqə davam etdi. Həmin zaman evdə başqa heç olmayıb.

Taleh üzərimə yeridi, əli ilə məni boğmaq istədi. Bu zaman əlimdə mətbəxdən götürdüyüm və həmin zaman kartof soyduğum bıçaq vardı. Taleh üzərimə gələrkən bıçaq onun qarnına girdi. Sonra bıçağı yerə atdım. Taleh çölə çıxdı və valideynləri onu 3 saylı xəstəxanaya apardılar”.

Elnarə qeyd edib ki, oğlu İlkin hadisəni görməyib: “Həmin vaxt İlkin həyətdə olub. Talehə bıçaq zərbəsi vurmaq və ya öldürmək niyyətim olmayıb. Əvvəllər də Taleh məni dəfələrə döyüb və ondan polisə şikayət etmişəm. Oğlum İlkin hazırda Talehlə birlikdə yaşayır. Özüm isə Ağcabədi rayonunun Minəxorlu kəndində atamgildə qalıram. Taleh ilə aramızda barışıq əldə etmişəm”.

Zərərçəkmiş Talehin sözlərinə görə, hadisə baş verən günədək arvadı Elnarə ilə münasibətləri pişləşib: "Aramızda tez-tez mübahisə baş verib. Mübahisəyə səbəb bir-birimizi qısqanmaq olub. Hadisə günü saat 11 radələrində yaşadığım evdə olarkən Elnarədən 3 gün əvvəl harada olmasını, hansısa oğlanla görüşüb-görüşməməsini soruşdum. Təxminən 3 gün əvvəl evin yaxınlığında İlkinlə Elnarənin gəzdiyini, evin yanında olan parkda tanımadığım oğlanla Elnarənin söhbət etdiyini görmüşdüm. Onlara yaxınlaşanda oğlan qaçaraq getdi.

Elnarə həmin şəxsin həkim olduğunu dedi. Buna görə Elnarə ilə aramızda münaqişə yarandı.

Elnarəyə bu barədə deyəndən sonra evdən çölə çıxdım. Sanitar qovşağına getdim. Evə qayıdanda oğlum İlkinin ağladığını gördüm. İlkinin ağlamasının şəbəbini soruşdum. Elnarə uşağa qışqırdı, uşağın rəngi bozardı. Sonra Elnarə üzərimə gəldi, mətbəxdən götürdüyü bıçaqla məni vurmaq istədi. Bıçağı onun əlindən aldım.

Sonra Elnarə yenidən masanın üzərində olan başqa bıçağı götürərək döş qəfəsimdən vurdu və bıçağı yerə atdı. Evdən çıxaraq getmək istədim. Bu zaman Elnarə mənə yalvarmağa başladı. Mən isə ağrıdığımdan Elnarəni əlim və ayağım ilə vuraraq özümdən uzaqlaşdırdım. Çölə çıxaraq evin yaxınlığında olan 3 saylı Şəhər klinik xəstəxanasına getdim”.

Taleh ifadəsinin sonunda qeyd edib ki, Elnarədən şikayətçidir, onunla barışmayıb. O, Elnarənin qanunla nəzərdə tutulmuş qaydada cəzalanmasını istəyib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Elnarə 5 il 11 ay 28 gün müddət azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Elnarənin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclas zalından həbsə alınıb və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilib.

Elnarənin cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2021-ci ildən hesablanması qərara alınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər