17 May 2021 10:06
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir mənzili iki nəfərə satan “Troya LTD” MMC-nin sabiq direktoru Elşad Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, “Troya LTD” MMC-nin sabiq direktoru Elşad Tağıyev 2016-cı ildə Nəsimi rayonu, Q.Quliyev küçəsi 38 ünvanında inşa edilmiş yaşayış binasında 4 otaqlı, 236 kv.m sahəsi olan 38 saylı mənzili 190 min manata Xəqani Ağamalıyevə satıb.

2018-ci ildə şirkətin direktoru dəyişib, Elşad Tağıyevin yerinə qardaşı oğlu Ceyhun Tağılı təyin edilib.

Bu dəfə isə Ceyhun Tağılı eyni mənzili 188 min manata Ramid Mustafazadəyə satıb.

Hazırda ev Ramid Mustafazadənin istifadəsindədir.

Zərərçəkən Xəqani Ağamalıyevin şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Elşad Tağıyev vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham edilib.

Bundan başqa, Elşad Tağıyevin cinayət işi üzrə Rəşad Fərhadlı, Zeynəb Səmədova, Əlfi Rüstəmov və Şərafət Kazımov da zərərçəkmiş qismində tanınıblar.

İstintaq orqanı tərəfindən Elşad Tağıyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər