24 May 2021 12:51
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Rauf Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xəqani Səmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin rəisi vəzifəsində işləmiş Rauf Sadiq oğlu Həsənovun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə Rauf Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsi ərazisində yerləşən pendir istehsalı ilə məşğul olan sexin fəaliyyətini bərpa etdirmək üçün vətəndaşdan 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Rauf Həsənovun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər