Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xəstəxanada qətl hadisəsi törətməkdə təqsirli bilinən Hüseynağa Cəlilovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Hüseynağa Cəlilov bu ilin mayın 16-da Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət törədib. Orada müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Cəlilov münaqişə zəminində müalicədə olan Saatlı rayon sakini Mikayıl Hüseynovu bıçaqlayaraq öldürüb. Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseynağa Cəlilov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, 1952-cı il təvəllüdlü Mail Hüseynov palatada siqaret çəkib və bunun üstündə 1946-cı il təvəllüdlü Hüseynağa Cəlilovla mübahisəsi yaranıb. Mübahisə nəticəsində Hüseynağa Cəlilov Mail Hüseynova bıçaqla vurub. Zərbə onun ürək nahiyəsinə dəyib. Nəticədə Mail Hüseynov hadisə yerindəcə ölüb.
Hüseynağa Cəlilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Hüseynağa Cəlilov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov