İstanbulda 13 il əvvəl bıçaqlanaraq öldürüldükdən sonra başı kəsilərək dənizə, qolları və bədəni əl arabasında küçəyə atılan Azərbaycan əsilli Təzəgül Dadaşovanın qatili müəyyən edilərək həbs olunub.
APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən məlumatına görə, T.Dadaşovanın qatilinin sevgilisi Mevlüt Ş. olduğu üzə çıxıb.
Qeyd edək ki, cinayət barədə polisə məlumat 2001-ci il aprelin 28-də daxil olub. Şəhər sakinləri polisə Arpa Suyu küçəsində bir arabada parçalanmış qadın cəsədi olduğu barədə məlumat veriblər. Polislər qadının başını arabada tapmayıblar. Qadının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. İstintaq davam edərkən 2 may 2001-ci ildə polisə İstanbulun Bakırköy rayonunda sahildə qayaların arasında bir qadın başı olması barədə məlumat daxil olub. Qadın başı məhkəmə-tibbi ekspertizaya göndərilsə də, o dövrdəki texniki imkanlarla tapılan qadının başı ilə 4 gün əvvəl tapılan başsız qadının cəsədi arasında eynilik olub-olmaması barədə araşdırma aparılmayıb. Həmin il aprelin 27-də T.Dadaşovanın itkin düşməsi barədə oğlu Saleh Dadaşov tərəfindən edilən müraciəti araşdıran İstanbul Polis İdarəsinin Asayiş şöbəsi onun şübhələndiyi şəxsi həbs etməyib. S.Dadaşov o zaman məhz anasının sevgilisi olan Mevlüt Ş.-dən şübhələndiyini bildirsə də, polisin saxladığı Mevlüt Ş. qadını görmədiyini bildirib və sərbəst buraxılıb. Sonrakı dövrdə sahildə tapılan başla küçədə tapılan qadın bədəninə baxan Asayiş şöbəsinin əməkdaşları məhkəmə-tibbi ekspertizaya müraciət edib, məhkəmə-tibbi ekspertiza başın tapılan bədənə aid ola biləcəyini açıqlayıb. Bundan sonra ayrı-ayrı yerlərdə basdırılan baş və bədən parçaları məzardan çıxarılıb və DNK testindən keçirilib. 2012-ci ildə aparılan DNK testi nəticəsində bədən və başın eyni cəsədə aid olduğu müəyyənləşib.
Bundan sonra Türkiyə polisi İnterpola birlikdə apardığı istintaq çərçivəsində T.Dadaşovaya aid olmasından şübhələnilən cəsədin şəxsiyyətini müəyyən etmək üçün Azərbaycandakı ailə üzvlərindən qan nümunələri alaraq İstanbula gətirib. Aparılan analizlər cəsədin T.Dadaşovaya aid olduğunu təsdiq edib. Bundan sonra Türkiyə polisi 2001-ci ildə saxlanılsa da, ifadəsi alındıqdan sonra buraxılan Mevlut Ş. ilə bağlı araşdırmaya başlayıb. Araşdırma nəticəsində T.Dadaşovanın mobil telefonunun sonuncu dəfə Mevlüt Ş.-nin evinə yaxın bir yerdə siqnal verdiyi təsbit edilib. T.Dadaşovanın itkin düşdüyü gün də Mevlüt Ş. ilə görüşdüyü müəyyənləşdirilib. Bundan sonra Gemlikə ailəsinin yanına köçən Mevlüt S.-ni yaxalamaq üçün əməliyyat keçirilib və o saxlanılıb. Mevlüt Ş. polisləri görərkən onların nə üçün gəldiklərini soruşub. Polislər ona “2001, İstanbul, Təzəgül” kəlmələrini söyləyiblər. Bu kəlmələri eşidən Mevlüt S. yerə çöküb və İstanbula gələnə qədər bir kəlmə belə danışmayıb. Polisə ifadə verməkdən imtina edən Mevlüt Ş. haqqında məhkəmə həbs-qətimkan tədbiri seçib.