Şabran rayonunda 1990-cı il təvəllüdlü Elşən Abdulov 1987-ci il təvəllüdlü bacısı Leylanı qısqanclıq zəminində qətə yetirib.
Teleqraf.com-un xəbərinə görə, ərinin qadağalarınaa baxmayaraq Leyla ailə üzvlərinin xəbəri olmadan mobil telefondan istifadə edib, sosial şəbəkələrdə ayrı-ayrı şəxslərlə ünsiyyət saxlayıb.
Leylanı qısqanan əri növbəti dəfə onu evdən atasıgilə qovub. Onun qardaşı Elşən tənbeh və iradlardan nəticə çıxarmayan bacısını öldürmək qərarına gəlib.
Yalvarışlara baxmadı
Elşən 2020-ci il avqustun 31-də saat təxminən 21.30-da “Lada Priora” markalı avtomobili ilə Ağbaş kəndində - Leylanın qaldığı xalası evinə gəlib. Qohumlara bacısı Leylanı söhbət üçün əri evinə aparmaq məqsədilə gəldiyini deyib və onları aldadaraq bacısını avtomobilə mindirib. Maşını Samur-Abşeron su kanalının Ağbaş kəndi ərazisində kənd qəbristanlığının yaxınlığından keçən hissəsinin üzərindən dəmir körpü olan istiqamətinə sürüb.
Hara və nə məqsədlə aparıldığını başa düşən bacısının yol boyu, eləcə də körpünün üstündə yalvararaq öldürməmək xahişlərinə məhəl qoymayıb.
Elşən Leylanı körpünün kənarındakı dəmirin üstünə qaldıraraq oradan kanala atıb. Suda boğularaq ölən Leylanın meyiti kanalın Siyəzən rayonu ərazisindən keçən hissəsində aşkar edilib.
Elşənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
“Ailədaxili narazılıqlar olub”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ittiham üzrə özünü tam təqsirli bilib.
O ifadəsində göstərib ki, Şabran rayonunun Ağbaş kəndində anası Gülcamal, atası Oqtay, qardaşı Natiq, qardaşı arvadı Maxru və qardaşı uşaqları Məryəm, Həcər və Oqtayla birlikdə yaşayıb: “Ailədə 3 uşaq olmaqla 2 qardaş, 1 bacıdan ibarətik. Bir neçə ildir “Priora” markalı avtomobillə Şabran-Bakı-Şabran marşurutunda taksi fəaliyyəti ilə məşğul oluram.
Bacım Leyla xalam oğlu ilə ailəli idi, birgə nikahdan ikisi oğlan, ikisi qız olmaqla 4 övladı var. Ailə qurduqları vaxtdan Şabranda xalam oğluna məxsus fərdi yaşayış evində yaşayıblar. Aralarında arabir ailədaxili narazılıqlar olub”.
“Özümü hələ də bağışlaya bilmədim”
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-6 il əvvəl xalası oğlu ilə bacısı Leyla arasında mübahisə zamanı bacısının telefonunundakı vatsap proqramında yad oğlanla ünsiyyət saxladığını aşkar edib: “Hələ o vaxt bu hadisəyə görə bacımı öldürmək istəsəm də, balalarının xətrinə onu bağışladım. Bu hərəkətlərinə görə onu döyməklə kifayətləndim. Sonradan bacım əri ilə barışdı, yenidən birlikdə yaşamağa davam etdilər.
Həmin hadisədən sonra bacımı bağışlasam da, onu öldürmədiyimə görə özümü hələ də bağışlaya bilmədim. Nə qədər çalışsam da, bacımın bu hərəkətini beynimdən silə bilmədim. Bundan sonra hər dəfə mübahisə yarananda xalamoğlu mənə zəng vurdu. Onları barışdırdım, ailələrinin dağılmamasına çalışdım”.
“Bacımı əri evinə aparacağımı bildirdim”
Elşən qeyd edib ki, 2020-ci il avqustun 31-də axşam saatlarında yeznəsi Zaurun qardaşı Elçin ona zəng vurub: “Bacımın gizlin telefondan istifadə etdiyini tutduqlarını və məsələnin araşdırılmasından ötrü bacımı gətirərək Ağbaş kəndinə qoyacaqlarını bildirdi. Telefonda mübahisə etdim, onu söydüm və Şabran şəhərinə gələrək söhbət edəcəyimi bildirdim.
Həmin gün saat 20.45-də yaşadığım Ağbaş kəndində evə gəldim və bacımın orada olub-olmadığını soruşdum. Bacımın həmin kənddə qonşuluqda yaşayan xalam Zərnigarın evində olduğunu biləndə avtomobillə ora getdim. Xalamgildə xalam oğlu Elməddini, digər xalam Əminəni, xalamın yoldaşı Sədrəddini və evdə olan digər qohumları aldadaraq bacımı söhbət etməkdən ötrü əri evinə aparacağımı bildirdim.
Leylanı maşına mindirərək birbaşa Ağbaş kənd qəbirsanlığın ətəyində yerləşən dəmir körpünün üstünə apardım. Avtomobili körpünün üstündə saxladıqdan sonra Leylanın qolundan tutaraq onu avtomobildən düşürtdüm”.
“Bacımın dörd azyaşlı uşağını anasız qalmasına səbəb oldum”
Elşən deyib ki, Leylanı körpünün kənarındakı qoruyucu dəmirin üstünə qaldıraraq kanala atıb: “Bacımı evdən çıxararaq kanala çatana kimi mənə yalvarıb, onu öldürməməyimi xahiş etsə də, əsəbi vəziyyətdə olduğuma görə yalvarışlara məhəl qoymadım.
Sonra avtomobilinə əyləşdim. Bacımı öldürdüyümü bildirmək məqsədi ilə yeznəm Zaurun yaşadığı evə getdim. Zaurun evinin qarşısına çatdıqda polis əməkdaşları məni saxladı. Rayon polis şöbəsində bacım Leylanı kanala ataraq öldürdüyümü etiraf etdim. Törətdiyim əməldən peşmanam, bacımın dörd azyaşlı uşağını anasız qalmasına səbəb oldum”.
“Arvadımın kişilərlə danışması barədə məndə şübhə yarandı”
Cinayət işi üzrə zərərçəkmiş şəxs, Leylanın hüquqi varisi qismində ifadə verən əri Zaurun sözlərinə görə, arvadı Leyla, oğlanları Ömər, Qulu, qızları Göyçəy və Zəhra ilə birlikdə yaşayıb:
“2007-ci ilin iyununda xalam qızı Leyla ilə rəsmi nikaha girərək ailə həyatı qurdum. Əvvəllər aramızda heç bir münaqişə və dava-dalaş olmayıb. 2019-cu ilin təxminən yay aylarından arvadımın başqa kişilərlə telefonda danışması barədə məndə şübhə yarandı.
Leylanın istifadə etdiyi telefonun vatsap sosial şəbəkəsinə baxdığım zaman tanımadığım telefon nömrəsi ilə danışdığını gördüm. Həmin telefon nömrəsinə zəng etdim, tanımadığım kişi cavab versə də, danışığımız baş tutumadı. Leyladan telefonu və istifadə etdiyi mobil nömrəni alaraq danışmağa imkan vermədim. Leylanı uşaqları ilə birlikdə Ağbaş kəndində atası Oqtayın yaşadığı evə qoydum”.
“Telefonu küçədən tapdığını bildirdi”
Zaur qeyd edib ki, 2-3 gün keçdikdən sonra Leylanın qardaşı Natiq onu geri gətirib: “Leylanın qardaşı onun bir də belə bir əmələ yol verməyəcəyini bildirdi, barışmağımızı istədi. Əmin oldum ki, Leyla əməllərindən peşmandır və bir daha belə hərəkətə yol verməz.
Bir müddət sonra Leylanın mobil telefon vasitəsi ilə kiminləsə danışdığını gördüm. Leyla məni görən kimi telefonu gizlətmək istədi. Buna imkan vermədim, telefonu əlindən almaq istədim. Bu vaxt telefon sındı. Bu səbəbdən onun hansı mobil nömrədən istifadə etdiyini müəyyən edə bilmədim.
Leyladan kiminlə danışdığını və telefonu necə əldə etdiyini soruşdum. Həmin telefonu küçədən tapdığını və heç kimlə danışmadığını bildirdi”.
“Uşaqlarını öldürəcəyi ilə hədələdiyini bildirdi”
Hüquqi varisin sözlərinə görə, hadisədən təxminən 10-15 gün sonra yaşadığı evdə nömrəsiz mobil telefon tapıb: “Telefonun ekranı sınıq olduğuna görə menyuya daxil olmaq mümkün olmadı. Bu səbəbdən heç bir məlumat əldə edə bilmədim.
Avqustun 29-da yaşadığım evə gələndə gördüm ki, Leylanın əlində yenə mobil telefon var. Əlindən almaq istəyərkən mobil telefon sındı. Leyla telefonun üzərində olan sim-kartı götürərək sındırdı. Həmin sınmış sim kartı alıb evdə gizlətdim.
Leylanın hansı mobil nömrədən istifadə etdiyini müəyyən edə bilmədim. Onun məndən gizlin mobil telefondan istifadə etdiyi üçün anam Maycamal, atam Gülbala, qardaşım Elçini yaşadığım evə çağırdım, Leyladan mobil telefonla kiminlə danışdığını soruşdum. O heç kimlə danışmadığını, sonra isə uşaqların sinif yoldaşlarının valideyinləri ilə, daha sonra isə Ruslan adlı şəxslə danışdığın bildirdi.
Ruslanın ona guya uşaqlarını öldürəcəyi ilə hədələdiyini bildirdi. Telefonu Leylada tutduğum zaman onun üz və bədən nahiyələrinə bir neçə dəfə şillə və yumruq vurmuşam”.
“Anam polisləri çağırdı”
Zaurun ifadəsinə görə, avqustun 31-də, saat 9 radələrində Leyla Ağbaş kəndində yaşayan atası Oqtayın evinə getmək istədiyini bildirib: “Ona cavabımda “cəhənnmə qədər yolun var, getmək istəyirsən get” dedim. Atam Gülbala, anam Gülcamal və qardaşım Elçin özünə məxsus “Mercedes” markalı avtomobillə Leylanı və uşaqları Ağbaş kəndinə atası evinə apardılar.
Həmin gün saat 21.12-də Leylanın qardaşı Elşən mənə zəng vurdu, əsəbi halda baş verənlərdə günahkarın mən olduğumu, bu vəziyyətdə mənim özümü kişi kimi aparmadığımı bildirdi, sonra telefonu söndürdü.
Bundan sonra qardaşım Elçinə də zəng vurdu, eyni sözləri ona da dedi. Bir qədər sonra xalam Əminə anam Maycamala zəng vurdu. Elşənin Leylanı götürərək apardığını bildirdi.
Anam Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng vurdu, Elşənin gələrək burada hər hansı hadisə törədə biləcəyindən ehtiyat etdiyini bildirdi. Təxminən 1 saat sonra Elşən yaşadığımız evə gəldi. Oradan polislər Elşəni götürərək apardılar. Sonradan polislərdən eşitdim ki, Elşən Leylanı su kanalına atıb”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Elşən 9 il müddətinə azadlıqdan məhrum edilib.