Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Eldar Balışov, Rasim Şükürov, Anar Muradinin cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 8-nə keçən gecə, Binəqədi rayonu F.Məlikov küçəsində Teyyub Əliyevə məxsus “VAZ-2107” markalı avtomobildən, şuşəni sındırmaq yolu ilə maqnitafon oğurlanıb. Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Eldar Balışov və Rasim Şükürov tutulublar.
Onların üzərinə baxış keçirilərkən Rasim Şükürovun üzərindən 0,250 qr. heroin, Eldar Balışovdan 1.036 qram tiryək və onun idarə etdiyi “VAZ-2121” markalı avtomobilin yük yerindən isə 450 qram qurudulmuş marixuana götürülüb.
Araşdırma zamanı onların Nizami rayonu ərazində bir neçə oğurluq törətdikləri müəyyən edilib. Belə ki, onlar fevralın 26-na keçən gecə, E.Süleymanov küçəsində Lalə Əmirovaya məxsus “Hyundai” markalı avtomobildən, şüşəni sındırmaq yolu ilə 200 manat, 4 ədəd ətir, fotoaparat, B.Nuriyev küçəsində Nəzakət Hüseynovaya məxsus “Hyundai” markalı avtomobilin saxlanc yerindən 50 manat, Nicat Hüseynova məxsus “Mitsubişhi” markalı avtomobildən videoreqistrator oğurlayıblar.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı noyabrın 25-nə təyin olunub.
Hacı Zeynalov