Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənovun anket məlumatları dəqiqləşdirilib.
Eldar Həsənovun vəkili Valeh Mehralıyev Teleqraf.com-a bildirib ki, bu gün keçirilən prosesdə bir neçə vəsatətlə çıxış ediblər.
Vəkil qeyd edib ki, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatət verilib.
Vəkilin sözlərinə görə, hakim onların verdiyi vəsatətləri təmin etməyib.
Məhkəmə baxışı martın 18-nə təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Eldar Həsənovun üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.
İstintaq orqanı tərəfindən Eldar Həsənovun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.