5 May 2022 18:26
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vəzifəli şəxsin bacısının fala baxmaq adı ilə külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunan Sabirabad rayon sakini, 1989-cu il təvəllüdlü Ceyhun Zeynallı və onun həyat yoldaşı Şəfiqə İsmiyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseyninin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Ceyhun Zeynallı zərərçəkmiş Ağarzayevlərin ailəsinin vəkili Zaur İbadova etiraz edib.

O bildirib ki, tutulduğu ilk günlərdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində məhz bu vəkili ona müdafiəçi təyin ediblər. Onun sözlərinə görə, ailə üzvlərinin müqavilə bağlayaraq tutduğu vəkili onun yanına buraxmadıqları halda, bu vəkili məcburən onun işinə müdafiəçi kimi buraxılıb.

Ceyhun Zeynallı qeyd edib ki, eyni vəkil bir işdə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin müdafiəçisi ola bilməz. Hakim isə bu etiraza cavab verməyib və prosesi davam etdirib.

Daha sonra Ceyhun Zeynallının vəkili vəsatət verib. O, zərərçəkmişin qızı Fəxrimə Ağarzayevanın məhkəmədə şahid qismində dindirilməsini istəyib: “Səbəb odur ki, anasının Şəfiqə İsmiyeva ilə fala baxma söhbətləri, pul vermələri və digər söhbətlərdə onun yanında baş verib. Fəxrimə Ağarzayeva da həmin söhbətlərdən, verilən məbləğlərdən xəbərdardır”.

Ağarzayevlər qızlarının məhkəməyə gəlməsinə etiraz edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Zeynallı 11 il, Şəfəq İsmiyeva isə 10 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar barələrində olan cəzaların dəyişdirilməsini istəyiblər.

İttihama görə, Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı olmuş Şəfiqə Müslüm qızı İsmiyeva barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

2020-ci ilin fevralın 20-də hər iki şəxs həbs edilib.

Şəfiqə İsmiyeva etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqsəsinə girib 2017-i ilin əvvələrində "İnstagram” sosial şəbkəsində "baxıcı” adlı səhifə açıb.

O özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib.

Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Şəfiqə İsmiyeva ona müraciət edən Rəna Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu ediliyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə ilə Rusiya Federasiyasında yaşayan "Dmitri” adlı baxıcınının da köməyindən istifadə olunacağını bildirib.

Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ili əvvələrinə kimi 1 milyon 998 min manatını ələ keçiriblər.

İstintaq orqanı tərəfindən Ceyhun Zeynallı və Şəfiqə İsmiyevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.

Şəfiqə İsmiyeva Ceyhun Zeynallının həyata yoldaşı kimi göstərilsə də, sənədlərdən göründüyü kimi onlar ayrı-ayrı soyad daşıyırlar.

Bu məqam üzrə araşdırma zamanı məlum oldu ki, Ceyhun Zeynallı çox qısa bir müddət ərzində Şəfiqı İsmiyeva ilə ailəli olub.

Onları nikahı uğursuz olub və ayrılıblar.

Cinayət işi üzrə zərərçəkmiş qismində Rəna Ağarzayeanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb. O, məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanmasında yox, pulunun qaytarılmasında maraqlıdır: “Əvvəldən də demişəm, mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm".

Ağarzayevin sözlərinə görə, ona dəymiş ziyandan 293 min manat ödənilib.

Rəna Ağarzayeva Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı qızıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər