13 İyun 20:09
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöb ənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.

Hakim Elbəy Allahverdiyev açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə göstəriş verib.

İyunun 13-də baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Azad Niyazi oğlu Rəşidov sərbəst ifadə verib. O deyib ki, 2014-cü ilin noyabrın əvvəllərində həmişə olduğu kmi səhər iş yerinə, Moskva Univermağına gəlib: “Orada 4 nəfər şəxsin məni axtardıqlarını eşitdim, həmin şəxslərə yaxınlaşdım. Onlar özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim etdilər və Gəncə şəhər sakini Ramiz adlı şəxsi tanıyıb-tanımadığımı soruşdular. Ramizi qızıl alqı-satqısı ilə məşğul olan bir şəxs kimi tanıdığımı bildirdim. MTN əməkdaşları məndən qızıl-zinət əşyalarını satdığım rəfi soruşdular. Onlara satış rəfini göstərdim. MTN-in müstəntiqi Nadir mənə qızıl-zinət əşyalarının götürülməsi ilə bağlı qərarı elan etdi. Söhbət zamanı MTN əməkdaşlarına Ramizdən 3 ədəd köhnə, sovet istehsalı olan “Luç” markalı saat aldığımı dedim. MTN əməkdaşları satış rəfində olan qızıl-zinət əşyalarının hamısını protokol tərtib etməklə siyahıya alaraq götürdülər. Mənə də dedilər ki, növbəti gün MTN-in qəbul şöbəsinə gəl, oradan Yasin Məmmədova zəng et”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, MTN əməkdaşları onun rəfindəki qızıl-zinət əşyalarını götürən zaman, başqa MTN əməkdaşlarının axtarış aparmaq məqsədilə yaşadığı mənzilə getdiklərini öyrənib: “Lakin həmin vaxt həyat yoldaşım və qızım evdə olmadığı üçün evdə axtarış apara bilməyiblər. Qonşular bu barədə həyat yoldaşıma məlumat veriblər. Yoldaşım qorxaraq mobil telefonunu söndürüb, evə getməyib”.

Azad Rəşidovun sözlərinə görə, növbəti gün MTN-nə gedərək Yasin Məmmədovla əlaqə saxlayıb: “Onunla kabinetində görüşdüm. Yasin Məmmədov işlədiyi vəzifəni deməsə də, otağının böyük, kreslosunun dəbdəbəli olması məndə onun rəis vəzifəsində işləməsi təəssüratı yaratdı. Yasin Məmmədov Ramizlə bağlı bir neçə sual verdi. Dedi ki, nə cinayət etdiyini bilirsən? Cavab verdim ki, mənim heç bir cinayətim yoxdur. Yasin Məmmədov da başladı ki, görürəm yaxşı oğlana oxşayırsan, istəsən sənə kömək edə bilərəm, istəmirəm səni “podval”a salım, oradakı yaşayışı görsən, artıq sənə kömək etmək gec olacaq. Dedim nə kömək edə bilirsə, eləsin, mənim cinayətim yoxdur. Yasin də şəhadət və ortancıl barmağını göstərdi, dedi ki, bunu gətir, sənə kömək edim. Elə başa düşdüm ki, məndən 2 min manat istəyir. Dedim ki, 2 min istəyirsən? Əvvəl güldü, sonra da bağırmağa başladı ki, nə 2 min? Yasin Məmmədova 20 min manat istəyirsən deyə sual etdim. 20 min nədir, 200 min gətir, sənə kömək edim. Ona dedim ki, mənim satış rəfimdən götürdüyün qızıl zinət əşyaları satılsa belə, 200 min manat eləmir. Heç bir cinayət törətməmişəm, pul da verən deyiləm. Yasin Məmmədov anqırmağa başladı, o qışqırmırdı, sadəcə anqırırdı. Deyirdi ki, elə etmə ki, səni “podval”a salım, sən əgər “podval”a düşsən, bizdən heç bir kömək gözləmə. Axırda da dedi ki, 100 min ver, söhbəti bağlayaq. Ona dedim ki, həmin məbləği verə bilməyəcəyəm. Yasin Məmmədov başladı and içməyə, deməyə ki, bəs sənə sonuncu şans verirəm, daş havada oynayır, hələ sənə dəyməyib, yaxşı fikirləş, sonra gec olacaq. Dedim ki, cinayətim yoxdur, pul da vermirəm. Yasin Məmmədov otağa bir nəfər işçini çağırdı, tapşırdı ki, müstəntiq Nadirin otağına aparsın. Nadir məndən heç bir söz soruşmadı, pul da istəmədi. Az sonra Yasin Məmmədov yenə məni otağına çağırdı. Sakit şəkildə dedi ki, nə düşünürsən? Bəs mən sənə kömək etmək istəyirəm, sən özün-özünə kömək etmək istəmirsən? Dedim ki, mən cinayət eləməmişəm, tutursuz, tutun, əl çəkin! Yasin Məmmədov məni axşama qədər ac-susuz orada saxladı.1 stəkan su da vermirdilər. Axşam yenə də eyni söhbəti elədi. Dedi ki, pul verməsən, həbsə gedirsən. Məcbur olaraq 10 min manat verə biləcəyimi dedim. Yasin Məmmədovun gözləri parıldadı, ağzı açıq qaldı. Dedi ki, yox, 50 min manat ver, çıx get. Özünü bazarda kartof satandan da betər aparırdı. Mənim azadlığımla alver edirdi. Deyirdi ki, pulu verməsən, həbsə gedirsən. O qədər pulumun olmadığını dedim. Yasin Məmmədov sonda mənimlə razılaşdı, dedi ki, səni buraxıram, sabah 30 min gətirərsən, həmin məbləği dollarla yox, manatla gətir”.

”MTN-dən çıxaraq evə gəldim, 20 min dolları götürdüm, 20 min dolları da həmin axşam iş yoldaşım Tahirdən borc aldım. Səhəri pulu manata dəyişib 30 min düzəltdim, MTN-ə getdim. Yasin Məmmədova zəng elədim, dedi ki, gəl otağıma. Komendaturada yoxladılar, üstümdə 30 min manat pul vardı. Bu haqda Yasin Məmmədova məlumat verdilər. Dedi ki, pulları verin, gətirsin. Otağında pulları Yasinə verdim. Məndən alaraq stolun altında harasa gizlətdi. Seyfdən içində qızıllarım olan torbanı çıxardı. Orada “Geneve” markalı qızıl saatlar vardı. Dirəşdi ki, 4 ədəd qızıl saatı da ver. Dedim ki, bu saatlara əl vurma, sahibləri var” – deyə zərərçəkmiş ifadəsində qeyd edib.

Azad Rəşidovun sözlərinə görə, növbəti gün Yasin Məmmədovun otağına gedib və 4 qızıl saatı da iş otağında təklikdə Yasinin özünə verib: “Saatları götürdü, dedi ki, heç yerdə bu söhbəti eləmə, bizim hər yerdə qulağımız var, eşidib bilsəm ki, bu barədə kiməsə demisən, məndən incimə. Mən də oradan çıxdım, daha heç kimə, heç nə demədim. Heç yerə də şikayətə getmədim. Qorxurdum ki, yenə də məni tutarlar”.

Bu zaman təqsirləndirilən Yasin Məmmədov söz istəyib. O deyib ki, zərərçəkənlərin yalan danışdığını sübut edəcək. O, sağ əlini yuxarı qaldırıb, şəhadət barmağının açılmadığını nümayiş etdirib: “Mənim sağ əlimin şəhadət barmağı idmanda sınıb, açılmır. Zərərçəkən də burada deyir ki, guya barmağımla ona işarə göstərmişəm. Bu adamlar yalan danışır”.

Azad Rəşidov deyib ki, yalanı Yasin Məmmədov danışır: “Sən sol əlinin şəhadət barmağını göstərmişdin. Yadından çıxıb. Burada artistlik eləmə. Yalançının da, saxtakarın da, quldurun da böyüyü özünsən”.

Bundan sonra zərərçəkən Zaur Əliyevin şərlənərək həbs olunması epizodu üzrə şahid Mirbala Əliyev ifadə verib: “2010-cu ildə Novruz bayramına 2-3 gün qalardı, ilaxır çərşənbə günü evə gələndə həyat yoldaşım otaqda kürəkənim Zaurun qonaqları olduğunu dedi. Mən də başqa otağa keçdim. Az sonra Zaur olan otaqdan yüksək tonda danışıq, səs-küy eşitdim. Dərhal həmin otağa keçdim. Stolun ətrafında Zaurdan başqa 2-3 nəfərin əyləşmişdi. Zaur özünü “Memati” adlandıran şəxslə mübahisə edirdi. Stolun üstündə 1 ədəd qılınc, 1 ədəd xırda keçi büstü vardı. Zaurla mübahisə edən şəxsə evin sahibi olduğumu dedim. Bir qədər asta danışmasını tələb etdim. Stolun arxasında olanlardan Arifi tanıdım. Arif Salahova əvvəllər, SSRİ vaxtı, Gəncə İcraiyyə Komitəsində işlədiyini dedim, Arif də təsdiqlədi. Bir-birimizi tanıdıq. Arif özünü itirərək haldan-hala düşmüşdü. Tez-tez ayağa durub-otururdu. Arifin bu hərəkətindən şübhələnmişdim. “Memati” harasa zəng elədi, təxminən 10-15 dəqiqədən sonra 2-3 ədəd qızıl "bokal"lara oxşar əşyaları başqa bir şəxs evə gətirdi. Yemək üçün mətbəxə getdim. Otaqda yenə səs-küy eşitdim, qayıdanda “Memati” Zaura vəsiqə çıxararaq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğu dediyini gördüm. Yenə də söhbətə müdaxilə elədim, MTN-nin nümayəndəsinə etdikləri hərəkətin basqın olduğunu, əməllərinin qanunazidd olduğunu, barələrində şikayət edəcəyimi izah elədim. “Memati” də dedi ki, bu iş MTN-nin vacib bir əməliyyatıdır, əməliyyatdan rəhbərliyin də xəbəri var. Bu işi edənin Arif Salahov olduğunu düşündüm. MTN adından istifadə etdiklərini başa düşdüm. “Memati” evdəki əşyaları aparacağını dedi, əks təqdirdə binanın aşağı hissəsində avtobusda gözləyən maskalı MTN əməkdaşlarını evə dəvət edəcəyini bildirdi. Daha heç nə demədim, MTN əməkdaşları əşyaları götürərək getdilər. Lakin sonradan MTN əməkdaşları özləri ilə gətirdikləri "bojal", qızıl əşyaları da guya Zaura məxsus olduğunu qeyd etməklə protokola əlavə etdilər”.

Mirbala Əliyevin sözlərinə görə, təqribən 10 gün sonra Zaur MTN-nin İstintaq Baş İdarəsinə çağırlıb və həmin gün həbs edilib: ”2 gün sonra Zauru Səbail rayon məhkəməsinə apardılar. Mən oğlum Mirəli ilə birlikdə Səbail rayon məhkəməsinə getdik. Məhkəmənin mərtəbəsini qalxarkən Zaur özündən getdi. Təcili yardım çağırıldı, müayinə edən həkim Zaurun iflic vəziyyətində olduğunu və müalicəyə ehtiyacı olduğunu bildirdi. Bundan sonra Zauru məhkəmə zalına sürüyə-sürüyə apararaq barəsində həbs seçdilər. MTN-nin təcridxanasına apardılar. 2010-cu ilin iyun ayının ortalarında qızım mənə Zaurun həbsdən azad edilməyi üçün MTN əməkdaşları böyük məbləğdə, yəni 80 min manat pul istədiklər dedi. Qızım 20 min manatı düzəltmişdi, qalan 60 min manatı isə mənə köməklik etməyimi xahiş etdi. 50 min manatı dost-tanışdan borc alıb düzəltdim. Pulu qızıma çatdırdım. Oğlum Mirəli ilə birlikdə gedib, 80 min manat pulu “Təzə bazar”ın yaxınlığında MTN əməkdaşı, İstintaq Baş İdarəsində işləyən Təhsin Ağayevə verdilər. Pulu aldılar, ertəsi gün Zauru həbsdən buraxdılar”.

Şahid üzünü Mövlam Şıxəliyevə tutub və deyib ki, dünya malına bel bağlamasın: “Bu gün siz burada oturmusuz. Qısa ömrünüzü dünya malına fəda elədiniz. Bundan sonranızı düşünün, adamların qarşısında üzrxahlıq edin, haqlarını verin”.

Şahid ifadəsini yekunlaşdırandan sonra Mövlam Şıxəliyev hakimə müraciət edib: “Mən, istintaq idarəsinin rəisi olsam da, faktiki olaraq kargüzarlıq və təşkilati işlərlə məşğul olmuşam. İstintaqa aid, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub. İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruz edirdilər. Və ya Baş Prokurorluqdan nümayəndə gələrək həmin materialı İstintaq İdarəsində müzakirə edirdi. Bunun nəticəsi olaraq cinayət işi başlanması və ya rədd edilməsi, qəti-imkan tədbirinin həbslə əlaqəli olub-olmaması və ya qəti-imkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edilirdi. Ən sonda bu haqda mən məlumatlandırılırdım”.

Bu məqamda zərərçəkən Zaur Əliyev Mövlam Şıxəliyevə sual ünvanlayıb:

- Qeyri-iş günü, bayram günü MTN-ə dəvət olundum. MTN-in qapısında Təhsin Ağayev məndən 200 min pul istəyirdi. Pulu verə bilmədim. Həmin gün cinayət işinin başlanması və barəmdə həbs qəti-imkan tədbirinin seçilməsi baş verdi. Siz kargüzar idinizsə, bu necə oldu?

Mövlam Şıxəliyev:

- Həmin gün mən işdə olmamışam, bu barədə məlumatsızam. Nə edibsə, Təhsin Ağayev edib.

Bundan sonra zərərçəkən Zaur Əliyev vəsatətlə çıxış edib: “İş üzrə 36 zərərçəkəndən 34-ü girov götürülüb, girovluqdan azad edilmək üçün onların yaxınlarından müxtəlif məbləğlərdə pullar alınıb. Bu mütəşəkkil cinayətkar quldur dəstənin fəal üzvləri Zakir Qaralov, Rüstəm Usubov da burada, Mövlam Şıxəliyev yanında oturmalıdırlar. Şəxsən Rüstəm Usubovun vasitəsi ilə 34 zərərçəkmiş müxtəlif müddətlərdə girovluqda saxlanıblar. Yaxınlarımızdan, qohum-qardaşımızdan pulu alıb bizləri MTN zindanından azad ediblər. Adımızı da ləkələyiblər. Halbuki, cinayətkar, cinayəti bizə qarşı edən elə özləri olublar. Bu səbəbdən Mövlam Şıxəliyev və digərilərinə verilən rüşvət alma ittihamı əsassızdır, ittihamdan xaric olunmalıdır. Bu adamlar hədə-qorxu ilə, bizləri girov götürməklə pul alıblar. Əməlləri də bu maddə ilə tövsif olunmalıdır. Cinayət işi də ibtidai istintaqa göndərilməlidir”.

Digər zərərçəkən Hüseyn Səfərov da məhkəmədən söz istəyib: “Möhtərəm hakim, məni qanunsuz həbsə alandan sonra ailəmdən hədə-qorxu ilə külli miqdarda pul tələb olunub və alınıb. Bu cinayəti edənlər Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovdur”.

Vəkil Osman Kazımov müvəkkili Zaur Əliyevin vəsatətini dəstəkləyib: “Bu işdə 311-ci maddə - rüşvət vermə ilə dəymiş maddi ziyanın ödənməyəcəyiniə tez-tez toxunurlar. Bu, biabırçılıqdır. Vətəndaşları qanunsuz olaraq həbs ediblər, yaxınlarından da təhdid yolu ilə külli miqdarda pullar alınıb. Ona görə də alınan pullar qeyd-şərtsiz sahiblərinə qaytarılmalıdır”.

Dövlət ittihamçısı vəsatətin baxılmamış saxlanılmasını istəyib. Hakim müşavirə otağına gedib və qayıdandan sonra vəsatətin baxılmamış saxlanılması haqda qərarı elan edib.

Bundan sonra hakim təqsirləndirilən şəxslərə müraciət edib, onlara verilən ittihama münasibət bildirmələrini istəyib.

Təqsirləndirilən Sahib Ələkbərov söz alaraq ittihama əsəbi şəkildə, yüksək tonla münasibət bildirib: “İcraatımda olan hər bir cinayət işi üzrə Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev qərar verən vəzifəli şəxslərdir. Baş prokuror Zakir Qaralov özü müraciət edirdi, Rüstəm Usubova, milli təhlükəsizlik nazirinə, Mövlam Şıxəliyevə. Qaldırın mənim telefonlarımı baxın. Mövlam Şıxəliyev də məni yanına çağırırdı. Açıq şəkildə deyirdi ki, Rüstəm Usubovdan belə bir tapşırıq gəlib. Ya deyirdi ki, filankəsi azad et və ya da get filankəsi həbs elə. Göstəriş veriblər, mən də tapşırığı yerinə yetirmişəm. Mən heç kim idim. Baş prokuror başda olmaqda, Rüstəm Usubov, Mövlam Şıxəliyev icraatımda olan cinayət işlərinə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim.

Zərərçəkən Zaur Əliyev bu yerdə təqsirləndirilən şəxsə belə bir sual verib:

- Sahib Ələkbərov, sizə verilən qanunsuz tapşırıqları icra etməsəydiniz, nə olacaqdı?

Təqsirləndirilən şəxs:

- Mənim özümü həbs edəcəkdilər.

Növbəti proses iyunun 14-də davam edəcək.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Müəllif: Hacı Zeynalov