Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan proses həmişə olduğu kimi səs-küylə başlayıb.
Zərərçəkmişlər Aqil Babayevin ünvanına söyüşlü ifadələr işlədiblər. Bu zaman zala gələn hakim onları sakitləşdirib. Hakim zərərçəkmişlərə deyib: "Nə səs-küy salırsız? Dünənə kimi səcdə etmisiz. İndi bu şəxs məhkəməyə verilib, amma məhkəmə hökm çıxarmayıb. Barəsində nə qədər ki, məhkəmə hökmü yoxdur, o, təqsirsizdir. Heç kim ona təqsirli deyə bilməz".
Daha sonra zərərçəkmiş şəxs qismində "Şaurma N1" restoranlar şəbəkəsinin şəriklərindən olan Natiq Sadıxov ifadə verib. O bildirib ki, Aqil Babayevi ortaq tanışları vasitəsilə tanıyıb: "Aqil Babayevlə tanış oldum, onu din alimi kimi tanıdım. Bundan sonra tez-tez görüşməyə başladıq. Yaşadığı evə gedirdim, ona itaət edirdim, səhərə kimi söhbətləşirdik. Hamı bu şəxsə qulluq edirdi. Biri ona su aparırdısa, bununla fəxr edirdi..."
Zərərçəkmiş qeyd edib ki, Aqil Babayev onları toplayır, özünü İmam elan edir və bunu sirr kimi saxlamağı tapşırırdı: "Bildirirdi ki, Allahın tapşırığı belədir, bunu sirr kimi qorumalıyıq. Biz də fəxr edirdik ki, Allah bizə belə bir sirri saxlamağı nəsib edib. Düşünürdük ki, bu, Allah tərəfindən bizim üzümüzə açılan qapıdır. Hər adama qismət olan şey deyil".
Natiq Sadıxov deyib ki, Aqil Babayev Əhmədli qəsəbəsində təmirsiz, yararsız evdə yaşayırmış. Onun sözlərinə görə, Aqil Babayevin evini o, təmir etdirib, yaşaması üçün şərait yaradıb. Ona "Lexus" markalı maşın da alıb. Aqil Babayevin özünə və ailə üzvlərinə çox hörmət edib, bacısının toyunun xərcini çəkib.
Zərərçəkmişin sözlərinə görə, Aqil Babayevin atası xiyar satan, anası qapıları təmizləyən olub. Aqil Babayevlə söhbət etməyə gedəndə gecə saat 4-5-ə kimi evə gəlməyib, bu da valideynlərinin narazılığına səbəb olub: "Buna görə də evdən qaçdım, bir həftə evə gəlmədim".
Natiq Sadıxov bildirib ki, 2007-ci ildən kimsəsiz ailələrə yardım məqsədilə zəkat verib: "1000 manat da olub, 2000 manat da... Ümumilikdə 173 min manat vermişəm. Həmin pulun hara xərcləndiyi ilə maraqlanmamışam. Çünki Aqil Babayevi imam kimi qəbul etmişəm, ona inanmışam".
Zərərçəkmiş deyib ki, Qarabağ müharibəsi dövründə Silahlı Qüvvələrə 20 min manat ödəniş edib, bundan başqa ərzaq yardımı da göndərib: "Bunu eşidən Aqil Babayev mənə dedi ki, şəhid ailələri üçün ev tikməyi qərara alıb. Başqalarının da yardım edəcəyini söylədi, mənim də köməklik etməyimi istədi. Şəhid ailələri üçün ev tikilməsinə iki dəfəyə ümumilikdə 370 min manat vermişəm".
Natiq Sadixovun sözlərinə görə, 2021-ci ilin mayında Aqil Babayevin onları aldatdığını eşidib, bundan sarsıntı keçirib: "Biz onu böyük kimi qəbul etmişdik. İyunun 8-də Aqil Babayevlə görüşdük. Söz verdi ki, pulları axırına kimi qaytaracaq. Səhəri gün məni yenə də görüşə çağırdı. Artıq məsələni öyrənmişdim, bu səbəbdən onunla görüşə getmədim".
Natiq Sadıxov qeyd edib ki, iyulun 8-də Aqil Babayevlə görüşəndə bir neçə nəfər başqa şəxsi də orda görüb: "Həmin vaxt Aqil Babayev hicablı qadınlar barədə danışdı. Dedi ki, hicablı qadınlarla olmaq mənə xoş gəlir".
Prokurorun sualını cavablandıran zərərçəkmiş bildirib ki, Aqil Babayevi 2004-cü ildən tanıyıb: "Onunla söhbət edəndə görürdüm ki, dini savadı çox güclüdür. Haradan sual verirdim, oradan cavab alırdım. Bu da məndə ona itaət istəyi yaratdı. Hər kəs namaz qılır, amma itaət edə bilmir. Mən bu itaəti Allahın vergisi kimi qəbul edirdim. Bizdə inanc hissi yaratmışdı. Başa gəlməsə, başa düşmək olmur. Aqil Babayevi Allahın möcüzəsi kimi qəbul etmişəm və bu möcüzəyə inanmışam. Aqil Babayevi İmam Mehdi Zaman kimi qəbul etmişəm".
Növbəti proses sentyabrın 6-da davam edəcək.
İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.