Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan 41 yaşlı Emil Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
Teleqraf.com xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Siyavuş Hacıyevin icraatında baxılacaq.
Məhkəmənin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.
Qeyd edək ki, Emil Məmmədov bu ilin martında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub.
Aparılmış araşdırmalar zamanı Emil Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Emil Məmmədova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.