25 Yanvar 2023 13:45
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 1989-cu il təvəllüdlü Vüsal Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə baş tutan prosesdə Vüsal Bayramov ifadə verib.

İttihama görə, ötən il sentyabrın 2-də saat 23 radələrində paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Ayşə Bayramovanı əri Vüsal Bayramovun bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Bayramov bildirib ki, onun Ayşəni öldürmək fikri olmayıb: “Ayşə ilə 5-6 ildir ailəliydik. Son iki aya yaxın idi Ayşə nənəsigildldə qalırdı. Ayşə ilə Nərimanov rayonunda geyim mağazasında tanış olmuşduq. Mən geyim mağazasında işləyirdim, həmin vaxt evli idim. Ayşəyə görə birinci ailəmlə problemim yarandı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, onun birinci evliyindən iki uşağı olub. Ayşə ilə tanış olandan sonra birinci həyat yoldaşından boşanıb: “Həmin vaxt artıq Ayşədən də bir uşağım vardı. Mən geyim əşyalarının satışı ilə məşğul idim. Onunla yaşadığımız evi geyim işinə görə satdım. Bundan sonra Ayşəni də nənəsigilə qoydum. Son vaxtlar Ayşənin davranışı dəyişmişdi. Zəng vururdum, mənə cavab vermirdi. Gah deyirdi, xalamgildə, gah da deyirdi, nənəmgildəyəm. Mən can atırdım ki, onunla yaxınlaşam, o, isə mənə qarşı soyuqluq edirdi”.

Vüsal Bayramovun ifadəsinə görə, Ayşənin əvvəllər həmişə normal geyimdə olub: “Amma son vaxtlar geyim tərzini də dəyişmişdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü evin pəncərəsindən aşağı baxanda Ayşənin maşından düşdüyünü görüb: “Maşını sürən kişi idi. Ayşənə yaxınaşdım, ona bir və ya iki bıçaq zərbəsi vurdim. Onu bıçaqla vurandan sonra dərhal polisə getdim və təslim oldum”.

Bu cinayət işi üzrə növbəti proses fevralın 1-də davam edəcək.

İstintaq orqanı tərəfindən Vüsal Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov