26 Dekabr 2014 12:17
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ağır cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1959-cu il təvəllüdlü Gülağa Lətifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov bu il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında ağır cinayət törədib. O, münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.

Hadisə zamanı güllə yarası alan Akif Nəzərov Suraxanı Rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı - Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşıdır.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Gülağa Lətifovun vəkili Toğrul Babayev çıxış edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin iki azyaşlı uşağı var, həmin uşaqlardan biri xəstədir. Vəkil müdafiə etdiyi şəxsin barəsində müddətli cəzanın təyin edilməsini xahiş edib.

Daha sonra Gülağa Lətifov çıxışa hazırlaşmaq üçün hakimlərdən iki ay vaxt istəyib. Lakin hakim onun istəyini qanuna uyğun olmadığını deyib və ona hazırlaşmaq üçün iki gün vaxt verib. Məhkəmə iclası dekabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Gülağa Lətifovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər