Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində klipmeker Nail Naiboğluna qarşı quldurluq etməkdə və ondan hədə qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Ümid Cəfərov, onun qardaşı Mirağa Cəfərov və Amid Qasımovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər 4 sentyabr 2014-cü ildə Nail Naib oğlu Rzayevin yaşadığı Xətai rayonu Gəncə prospektində olan evinə basqın ediblər. Başlarına maska taxan mütəşəkkil dəstənin üzvləri klipmekerin əl-qolunu bağlayaraq ona silah çəkiblər.
Onlar silah qismində istifadə etdikləri əşya ilə klipmekerə hədə-qorxu gələrək pulları və qızılları tələb ediblər. Dəstə üzvləri Nalin evində axtarış aparan zaman iki ədəd telefonunu, brilyant qaşlı qızıl üzüyünü götürüblər. Onlar klipmekerin başından vuraraq uydurublar və daha sonra evi tərk ediblər.
Bundan başqa, dəstə üzvləri Nail Naiboğlunun ailəsini məhv etməklə hədələyiblər və ondan 10 min manat pul tələb ediblər. Nail onlara 1000 manat verə biləcəyini deyib. Həmin gün Nail “Əhmədli” metrostansiyasının yaxınlığında dəstə üzvlərinə 1000 manat verib. Bundan sonra təqsirləndirilənlər Nail Naiboğlundan yenə də pul tələb ediblər.
Nail Nəbi oğlu hədə-qorxu ilə pul tələb edən dəstənin əməlindən Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə şikayət edib. Həmin gün saat 16 radələrində Nail Naiboğlu dəstə üzvlərinə qalan pulu vermək istəyərkən polis əməkdaşları əməliyyat keçirib. Keçirlən əməliyyat nəticəsində dəstə üzvləri həbs edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci (quldurluq), 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ümid Cəfərov 10 il, Mirağa Cəfərov 9 il, Amid Qasımov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov