Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Rusiya Federasiyasında zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma əməlinin törədilməsində təqsirləndirilən Türkmənistan vətəndaşı Atamıradov Maqtımqulı Atamıradoviçin və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar qəsdən adam öldürmə və quldurluq əməllərinin törədilməsində təqsirləndirilən Rusiya vətəndaşı Nəsirov Sərdar Süleyman oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair, eləcə də qəsdən sağlamlığa ağır zərər vurma əməlinin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Rusiya vətəndaşı Mikailov Misir Babaqədir oğlunun barəsində çıxarılmış hökmün icrasını təmin etmək üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
M.Atamıradov cari ilin sentyabr ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən, S.Nəsirov ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərilə, M.Mikailov isə bu ilin avqust ayında Sabunçu RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və barələrində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan şəxslər barəsində "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq ekstradisiya haqqında qərarlar qəbul edilib və onlar bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil veriliblər.