“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun hüquqi varisi, oğlu tərəfindən verilən kassasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə Vidadi Muradovun oğlu Aydın Muradovun şikayəti araşdırılıb.
Aydın Muradovun şikayəti əsasında Vidadi Muradovun cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlakların özlərinə qaytarılması barədə şikayət təmin edilməyib.
Xatırladaq ki, Ali Məhkəməyə daxil olan şikayətdə bazar dəyəri 10 milyon manatdan çox olan əmlakların müsadirə edilməsi ilə bağlı qərarın ləğvi xahiş olunmuşdu. Həmin əmlaklara mərhum Vidadi Muradova məxsus ev və “Azər-İlmə” MMC-nin səhm payları və aktivləri daxildir.
Qeyd edək ki, bundan əvvəl Ali Məhkəmədə bu şikayətə baxılmışdı. O, zaman hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə şikayət qismən təmin olunmuşdu. Qərara görə, mülklərlə bağlı şikayətin yenidən araşdırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdı.
Amma Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
İttihama görə, Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Onkoloji xəstəliyi ilə əlaqədar təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.
Vidadi Muradov 2021-ci ilin noyabrın 5-də vəfat edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Vidadi Muradov ittihamlarda təqsirli bilinib. Təqsirləndirlilən şəxs məhkəmə istintaqı zamanı vəfat etdiyi üçün ona cəza təyin edilməyib, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.
Qeyd edək ki, Vidadi Muradovun ümumilikdə 30 milyon manatlıq əmlakının üzərinə həbs qoyulub.