Naxçıvan polisi tərəfindən keçirilən “Xaş-xaş 2024” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Rafiq Quliyev saxlanılıb.
Naxçıvan şəhəri ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.