16 Avqust 16:57
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublunun vəkili Aqil Layc vəsatətlərlə çıxış edib.

O, zərərçəkmiş Elşən Hüseynovun əmlak alqı-satqısının müəyyən edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu göndərilməsini istəyib.

Tofiq Yaqublu bildirib ki, zərərçəkmiş əvvəlki iclaslarda "Range Rover" markalı avtomobiln satıb, pulunu ona verdiyini deyib.

Məhkəmə vəsarəti təmin edib və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə sorğu göndərilməsi ilə bağlı qərar qəbul edib.

Daha sonra Tofiq Yaqublu deyib ki, Bakı İstintaq Təcridxanasında onun qeydlərini əlindən alıblar: "Mənim qeydlərimi qaytarsınlar. Mənim Elşən Hüseynova veriləsi suallarım orada qeyd olunmuşdu".

Hakim bildirib ki, bu məsələnin araşdırılması üçün müvafiq quruma məktub göndəriləcək, çünki bu müdafiə hüququna aid məsələdir.

Növbəti proses avqustun 23-də davam edəcək.

İttihama görə, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.

Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.

Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

İttihama münasibət bildirən Tofiq Yaqublu özünü təqsirli bilməyib. Elnur Məmmədov isə özünü tam təqsirli bilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər