Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elxan Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Elxan Mustafayev tutulub.
Müəyyən edilib ki, Elxan Mustafayev 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gedərək, orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrənib.
Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak edib.
Elxan Musatafayev ona qarşı verilən ittihamlarda özünü təqsirli bilib. O, sərbəst ifadəsində şəriət dövlətində yaşamaq üçün Suriyaya getdiyini, orada azərbaycanılardan ibarət qəbilədə yaşadığını bildirib.
Məhkəmə prosesi aprelin 1-də davam etdiriləcək.
Hacı Zeynalov