Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Cəmil Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, ötən il noyabrın 15-də axşam saatlarında Hövsan qəsəbəsində “Mercedes” markalı minik maşını yolu keçən Gülnarə Canıyeva və Məlahət Rəhimovanı vurub. Nəticədə G. Canıyeva aldığı xəsarətdən hadisə yerində, M. Rəhimova isə xəstəxanada dünyasını dəyişib.
İlkin araşdırma zamanı yol qəza hadisəsini törətməkdə şübhəli bilinən Cəmil Yaqubovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qəza nəticəsində dünyasını dəyişən qadınların hər ikisi orta məktəb müəlliməsi olub.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 2-nə təyin edilib.
Hacı Zeynalov