Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsini törədən həbs edilib.
Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 1 ünvanında qeydə alınıb. Hadisə zamanı 30 yaşlı Sakit Kərimov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Sakit Kərimov dərhal əməliyyat olunub. Müayinə zamanı yaralıda 3 bıçaq xəsarətinin olduğu aşkar edilib.
Hadisə barədə xəbər tutan Binəqədi rayon polis idarəsi 4-cü polis bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Araşdırma zamanı cinayəti törədən şəxs müəyyən edilib. Bu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyevdir. O, həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov