15 Aprel 2015 19:55
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Baş Prokurorluğun bir nəfəri öldürməkdə, bir nəfəri yaralamaqda təqsirli bilinən 1993-cü il təvəllüdlü Elvin Mikayılovun cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protestinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, 2013-cü il, avqustun 31-də Binəqədi qəsəbəsi, 1-c Mədən küçəsində yerləşən “Kral” marketinin qarşısında Elvin Mikayılov 32 yaşlı Yaşar Dərgahquliyevin boğazını kəsərək öldürüb.

O, daha sonra mərhumun qardaşı, 29 yaşlı Vüqar Dərgahquliyevə bıçaqla iki zərbə endirib. İstintaq araşdırması zamanı müəyyən olunub ki, hadisəyə səbəb Yaşar Dərgahquliyevin avtomobillə onun maşının yanından sürətlə keçməsi olub. “Niva” markalı avtomobillə onu ötüb keçən Yaşara çatan Elvin Mikayılov qardaşlara hücum çəkib. Dava cinayətlə nəticələnib. Qətlə yetirilən taksi sürücüsü olub.

Elvin Mikayılov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Mikayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək Elvin Mikayılovun cəzasının artırılaraq 15 il təyin edilməsini istəyib. Həmçinin Elvin Mikayılov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Həmçinin Elvin Mikayılovun vəkili vəsatət verərək apelyasiya şikayətlərinə qismən istintaq aparılmaqla baxılmasını istəyib. Hakimlər vəkilin vəsatətini təmin etməyiblər. Məhkəmənin qərarından narazı qalan müdafiəçi kasasiya şikayəti verib.

Ali Məhkəməyə göndərilən kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasının qərarının ləğv edilməsi istənilib. Yuxarı instansiyası məhkəməsinə şikayət olunduğunu nəzərə alan hakimlər məhkəmə baxışını qeyri-müəyyən vaxtadək təxirə salıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər